Azərbaycan FAO-nun balıqçılığa dair beynəlxalq ekspert seminarında təmsil olunub
- 27 fevral, 2026
- 10:01
Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliyanın paytaxtı Romada yerləşən baş qərargahında təşkil olunmuş "Davamlı akvakultura təlimatlarının tətbiqi üçün regional yanaşmalar" mövzusunda beynəlxalq ekspert seminarında təmsil olunub.
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbir FAO-nun 2024-cü ildə qəbul etdiyi "Dayanıqlı Akvakultura üzrə Təlimatlar"ın (GSA) ölkələr səviyyəsində praktik tətbiq mexanizmlərinin hazırlanmasına həsr edilib. Seminar çərçivəsində GSA-nın idarəetmə və planlaşdırma, resurslardan dayanıqlı istifadə, sosial məsuliyyət və dəyər zənciri istiqamətləri üzrə tətbiqi, eləcə də qərar qəbuletməni dəstəkləyən alətin formalaşdırılması məsələləri müzakirə olunub.
Tədbirdə iştirak edən nazirliyin Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq və akvakultura sahəsində həyata keçirilən institusional islahatlar, elmi əsaslı idarəetmə və monitorinq mexanizmlərinin tətbiqi, su bioresurslarının qorunması və artırılması istiqamətində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, ölkəmizdə sektorun inkişafı ekosistem əsaslı yanaşmaya söykənir və müasir texnologiyaların tətbiqi prioritet istiqamətlərdəndir.