AKİA rəsmisi: "Müasir istixanalar üçün hər hektara 5 000 manat subsidiya veriləcək"

ASK
  • 20 noyabr, 2026
  • 10:37
AKİA rəsmisi: Müasir istixanalar üçün hər hektara 5 000 manat subsidiya veriləcək

Müasir istixanalar üçün hər hektara 5 000 manat subsidiya veriləcək.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" konfransında deyib.

Onun sözlərinə görə, hazırda mövcud olan və gələcəkdə qurulacaq istixanalara dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur: "Bu dəstək həm istixanaların növünün, həm də onların örtüklərinin daha müasir texnologiyalara uyğun seçilməsini təşviq etməyə yönəlib. 2026–2027-ci mövsümünü əhatə edən Aqrar Subsidiya Şurasının sonuncu protokolunda dörd bitki qrupu üzrə dövlət dəstəyi nəzərdə tutulub. Bunlar zəfəran, tərəvəz, meyvə və giləmeyvə bitkiləridir. Həmin bitkilərin istixanalarda becərilməsinə görə istixananın növündən və örtük materialından asılı olaraq hər hektara 500 manatdan 5 000 manatadək subsidiya ödəniləcək".

R. Fəttahov nümunə olaraq qeyd edib ki, dördüncü nəsil şüşə örtüklü istixanalarda zəfəran, tərəvəz, meyvə və ya giləmeyvə becərildiyi halda, hər hektara 5 000 manat subsidiya ödənilməsi nəzərdə tutulur: "Yüksək keyfiyyətli polikarbonat örtüklü istixanalar üçün bu məbləğ 3 000 manat, yüksək keyfiyyətli polietilen örtüklü istixanalar üçün 2 500 manat, digər polietilen örtüklü istixanalar üçün isə 500 manat təşkil edir. Üçüncü nəsil istixanalarda isə şüşə örtükdən istifadə edildikdə hər hektara 2 000 manat, yüksək keyfiyyətli polikarbonat örtükdə 1 500 manat, polietilen örtükdə isə 1 000 manat subsidiya ödəniləcək".