Ağalıda salınan intensiv meyvə bağlarında məhsul yığımına başlanılıb
- 07 iyul, 2026
- 12:28
Zəngilan rayonunun Ağalı kəndində salınan intensiv meyvə bağlarında məhsul yığımına başlanılıb.
Bunu "Report"un Zəngilana ezam olunan əməkdaşına açıqlamasında bağın aqronomu Fuad İbrahimli bildirib.
Onun sözlərinə görə, Ağalı kəndində salınan intensiv meyvə bağlarında yüksək məhsuldarlıq əldə edilib: "Bağ 2022-ci ildə 100 hektar ərazidə salınıb. Hazırda bağda ümumilikdə 40 hektar sahədə 3 çeşiddə ərik, 60 hektarında isə 10 çeşiddə nektarin əkilib".
F. İbrahimli bildirib ki, bu günə kimi, 150 tondan artıq məhsul toplanaraq bazarlara çıxarılıb: "Demək olar ki, bağın 50 %-dən məhsulu tam toplanıb. Bu proses avqustun sonuna kimi davam edəcək. Ağacların gübrələnməsi, müasir suvarma sistemlərilə təhciz edilməsi bizə imkan verir ki, daha çox və bazar üçün əmtəə nişanı yüksək olan məhsullar əldə edək".
O, həmçinin qeyd edib ki, bu il məhsuldarlığa görə hər ağacdan orta hesabla 15-20 kiloqramdan artıq məhsul əldə edilib.