ADSEA: Aqrar sahədə itkinin azaldılması üçün yeni tədbirlər nəzərdə tutulur

ASK
  • 07 oktyabr, 2026
  • 12:41
ADSEA: Aqrar sahədə itkinin azaldılması üçün yeni tədbirlər nəzərdə tutulur

Azərbaycanda aqrar sahədə su itkilərinin azaldılması üçün yeni tədbirlər nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini İlham Bayramov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - "Aqrar sahə haqqında" qanunun layihəsinin müzakirəsində bildirib.

Onun sözlərinə görə, layihədə aqrar sahədə səmərəliliyin və effektivliyin artırılması, su itkilərini azaldan suvarma sistemlərinin tətbiqi, xüsusilə də bitki növləri üzrə suvarma normalarının və su tutarlarının yaradılması kimi maddələrin təsbit olunması xüsusi əhəmiyyət kəsb edir: "Eyni zamanda, kənd təsərrüfatı təyinatlı torpaqlar və su obyektləri əsas resurslar olaraq artıq bu qanunda təsbit olunub. Buna da xüsusi əhəmiyyət veririk. Qanunun 12-ci maddəsində sudan istifadənin konkret məqsədləri, eyni zamanda sudan səmərəli istifadə ilə bağlı 7 tədbir nəzərdə tutulur ki, bu da xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu müddəalar su ehtiyatlarından səmərəli istifadə üçün böyük zəmin yaradacaq".

"Bəlkə də ilk dəfədir ki, bizim milli qanunvericiliyimizdə iqlim dəyişikliklərinə qarşı adaptasiya tədbirləri bu qanunda təsbit olunur. Bu da yüksək əhəmiyyət kəsb edir. Burada əsas məsələlərdən biri su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsidir. Bununla yanaşı, su tutarlarının yaradılması ilə bağlı ayrıca müddəanın olması da çox əhəmiyyətlidir. Bu, su ehtiyatlarından səmərəli istifadə üçün onların toplanmasına və daha effektiv idarə olunmasına qanuni əsas yaradır, həmçinin su təminatının yaxşılaşdırılmasına, lazımi səviyyədə və lazımi vaxtda suyun verilməsinə şərait yaradacaq, eyni zamanda su resurslarımızdan səmərəli istifadəni təmin edəcək", - deyə sədr müavini əlavə edib.