Kopenhagen sammiti - sülhə mane olanlar İlham Əliyevin sülh gündəliyinə təslim oldular - ŞƏRH

Analitika
  • 03 oktyabr, 2025
  • 17:49
Kopenhagen sammiti - sülhə mane olanlar İlham Əliyevin sülh gündəliyinə təslim oldular - ŞƏRH

"Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı işini başa vurub. Avropa İttifaqı (Aİ) və qonşu ölkələri özündə birləşdirən bu hökumətlərarası platforma 2022-ci ildə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra yaradılıb. Məqsəd Aİ və tərəfdaş ölkələr arasında siyasi dialoq və ortaq maraq kəsb edən məsələlərin müzakirəsi, xüsusilə müdafiə və təhlükəsizlik çağırışlarına, enerji böhranlarına qarşı səylərin birləşdirilməsi, iqtisadi əlaqələrinin genişləndirilməsidir.

Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin sayca 7-ci sammitinə 50 ölkənin dövlət və hökumət başçıları qatılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunduğu birgünlük toplantı dünya üçün həyati əhəmiyyət daşıyan məsələlərin müzakirəsi ilə yadda qalıb. Bu mənada diqqət mərkəzində daha çox Rusiya-Ukrayna müharibəsi olsa da, sammitdə iştirak edən liderlərin Azərbaycanla Ermənistan arasında sülh prosesinə və rəsmi Bakı ilə əməkdaşlığa böyük marağı da nəzərdən qaçmayıb. Sammit çərçivəsində Azərbaycan liderinin görüş qrafikinin sıxlığı da bundan xəbər verir.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin qatıldığı bütün beynəlxalq tədbirlər onun keçirdiyi ikitərəfli görüşlərin çoxluğu ilə yadda qalır. Təkcə ənənəvi Davos İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı və elə bu yaxınlarda keçirilən BMT Baş Assambleyasının toplantısı çərçivəsində keçirilən görüşləri xatırlamaq kifayət edir. Ən çox diqqət çəkən məqam isə odur ki, bu görüşlər bir qayda olaraq qarşı tərəfin müraciəti əsasında baş tutur. Bu mənada Danimarka səfəri də istisna olmayıb.

Prezident İlham Əliyev Kopenhagendə Moldova Prezidenti Maya Sandu, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik Sxof və ən nəhayət, Fransa Prezidenti Emmanuel Makron ilə görüşlər keçirib.

Danışıqların təfərrüatlarına varmadan qeyd edək ki, görüşlərin hamısında Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin inkişafı diqqət mərkəzində olub. Liderlər Vaşinqtonda əldə olunmuş razılaşmalar münasibətilə Azərbaycan Prezidentini təbrik edib və bu nailiyyətin regionda davamlı sülhə gətirib çıxaracağına ümid etdiklərini bildiriblər.

Oxşar bəyanatlarla sammitdə iştirak edən digər Avropa ölkələrinin rəsmiləri də həm media, həm sosial şəbəkələrdə çıxış ediblər.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolla yanaşı, "Köhnə qitə" üçün bölgədə nəqliyyat bağlantılarının inkişafı da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan həm Avropa İttifaqı, həm də aparıcı Avropa dövlətlərinin Cənubi Qafqazda davamlı sülhün möhkəmlənməsində maraqlı olmaları təbii və başa düşüləndir.

Lakin o da sirr deyil ki, başda Emanuel Makron olmaqla bəzi Avropa liderləri və institutları indiyədək tutduqları birtərəfli ermənipərəst mövqe ilə bu sülhün əldə olunmasına mane olur, onu ləngidirdilər. Üstəlik, Avropa İttifaqının Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərinə yerləşdirdiyi kəşfiyyatçı missiya rəsmi Bakının etirazlarına baxmayaraq, hələ də "binokl siyasəti"ni həyata keçirməkdədir ki, bu da sülhə xidmət edən addım sayıla bilməz.

Elə isə Kopenhagendə Avropa liderlərinin Azərbaycan Prezidenti ilə görüş üçün təşəbbüs göstərmələri, onu Vaşinqtonda əldə edilmiş nəticələr münasibətilə təbrik etmələri, sülh prosesinə dəstək və qarşılıqlı əməkdaşlığın inkişafına maraq ifadə etmələri, nədən xəbər verir?

İlk növbədə qeyd edək ki, Vaşinqtonda razılaşdırılmış sülh gündəliyinin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu gündəliyin ərsəyə gəlməsi də İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra mümkün olub.

Azərbaycan Prezidenti təkcə regional məsələlərdə deyil, həmçinin qlobal problemlərin həllində də söz sahibi olan, zərurət yarandıqda böyük dövlətlər arasında uğurlu moderatorluq missiyası həyata keçirən liderlərdəndir. Eyni zamanda Azərbaycan Prezidenti sözü ilə imzası bir olan dövlət başçısıdır ki, bu da ölkənin etibarlı tərəfdaş imicinin formalaşmasında müstəsna rol oynayır.

Qeyd edilənlər həm Prezident İlham Əliyevin Avropada və dünyada yüksək nüfuzunu, həm də Azərbaycanın müsbət imicini, ona verilən böyük dəyəri şərtləndirən əsas amillərdir. "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısına qatılan dünya liderlərinin Azərbaycana göstərdiyi maraq da bu nüfuzun və etibarın təzahürüdür.

Kopenhagen Zirvəsi bir daha göstərdi ki, Azərbaycan liderinin ortaya qoyduğu prinsipial mövqe və yürütdüyü praqmatik xarici siyasət nəticəsində Vaşinqtondan sonra, Avropa liderləri də erməni lobbisinin maraqlarını bir kənara atıb, öz ölkələrinin milli maraqlarının təminatı barədə düşünməyə başlayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti