Yuri Qusev: Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur
- 11 noyabr, 2026
- 16:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna və Azərbaycan ənənəvi ticari-iqtisadi qarşılıqlı fəaliyyətdən qat-qat daha geniş potensiala malikdir və gələcəkdə hər iki dövlətin rəqabətədavamlılığını və təhlükəsizliyini müəyyən edəcək sahələri əhatə edir.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin "Ukrayna və Azərbaycan: strateji tərəfdaşlıq, iqtisadi qarşılıqlı fəaliyyət və beynəlxalq təhlükəsizliyə görə ümumi məsuliyyət" adlı məqaləsində bildirilib.
Onun sözlərinə görə, iqtisadi ölçü iki ölkənin strateji münasibətlərinə əlavə dayanıqlıq qazandırır, biznes üçün yeni imkanlar açır və uzunmüddətli birgə layihələr üçün əsas yaradır.
Y.Qusev qeyd edib ki, bu istiqamətdə növbəti addım 4–5 noyabr tarixlərində Ukraynanın Ujqorod şəhərində Ukrayna və Azərbaycan arasında İqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyasının 14-cü iclasının keçirilməsi olub.
"Görüşün mühüm nəticələrindən biri yaxın perspektivdə Ukrayna-Azərbaycan əməkdaşlığının prioritet vəzifələrini və konkret istiqamətlərini müəyyən edən Birgə Fəaliyyət Planının imzalanması oldu. Əsas prioritetlər arasında yanacaq-energetika və aqrar-sənaye komplekslərində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı biznes layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması və istehsalat kooperasiyasının genişləndirilməsi yer alır", - Y.Qusev qeyd edib.
Səfir əlavə edib ki, iclasda ikitərəfli ticarətin aktivləşdirilməsinə, Xəzər-Qara dəniz regionunda nəqliyyat dəhlizlərinin və logistika marşrutlarının inkişafına, həmçinin Azərbaycan biznesinin Ukraynanın bərpasına cəlb olunmasına xüsusi diqqət yetirilib.
Bundan əlavə, gündəlikdə yüksək texnologiyalar, elm və təhsil sahəsində əməkdaşlıq, eləcə də mədəni və humanitar əlaqələrin inkişafı xüsusi yer tutub.
Diplomat həmçinin Azərbaycan rəhbərliyini və ölkə xalqını Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək, ölkənin ərazi bütövlüyünün bərpasını simvolizə edən bu tarixlərin xüsusi əhəmiyyətini qeyd edib. O, həmçinin Ukraynaya dəstəyə görə minnətdarlığını bildirib, Azərbaycana dayanıqlı və ədalətli sülh, firavanlıq, bərpa və inkişaf işlərində uğurlar, iqtisadi artım, çiçəklənmə arzulayıb.