İRİA: Rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik plan dörd istiqaməti əhatə edir

İKT
  • 22 oktyabr, 2026
  • 10:59
İRİA: Rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik plan dörd istiqaməti əhatə edir

Növbəti mərhələdə özəl sektorda fəaliyyət göstərən şirkətlərin dövlət informasiya sistemləri ilə inteqrasiyası üçün imkanların yaradılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müavini Şahin Əliyev "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təsdiqlədiyi rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik fəaliyyət planı dörd əsas istiqaməti əhatə edir.

"Bunlardan birincisi rəqəmsal inkişafdır. Növbəti istiqamət süni intellektlə bağlıdır. Buraya rəqəmsal mühitdə formalaşan məlumatlar əsasında süni intellekt həllərinin tətbiqi, proseslərin tam avtomatlaşdırılması, agent əsaslı həllərə üstünlük verilməsi, eləcə də milli süni intellekt modellərinin və həllərinin hazırlanaraq dövlət qurumlarında tətbiqi daxildir.

Digər istiqamət innovasiya ekosisteminin inkişaf etdirilməsi, dördüncü istiqamət isə kibertəhlükəsizlikdir", – o qeyd edib.

Ş. Əliyev vurğulayıb ki, dövlət qurumlarının informasiya sistemləri arasında qarşılıqlı əlaqə və məlumat mübadiləsi təmin edilməlidir. Onun sözlərinə görə, məqsəd ayrı-ayrı xidmətləri rəqəmsallaşdırmaq və ya müstəqil sistemlər yaratmaq deyil, vahid rəqəmsal ekosistem formalaşdırmaqdır.

O bildirib ki, bu sistemlərin əlaqələndirilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Prezidentin 263 saylı fərmanına əsasən, dövlət informasiya sistemləri və ehtiyatları arasında inteqrasiya "Elektron hökumət" informasiya sistemi üzərindən təmin edilməlidir.

"Dövlət qurumları da bu yanaşmaya uyğun olaraq yaratdıqları sistemlər üzrə mümkün inteqrasiyaları elektron hökumət üzərindən həyata keçirirlər. Beləliklə, digər qurumlar öz daxili xidmətlərini rəqəmsallaşdırmaq üçün zəruri məlumatları bu sistem vasitəsilə əldə edirlər.

Düşünürəm ki, növbəti mərhələdə özəl sektor üçün də bu cür inteqrasiya imkanlarını Maliyyə Nazirliyi ilə birlikdə təmin edəcəyik. Çünki bazarda yeni süni intellekt əsaslı və böyük dil modellərinə (LLM) əsaslanan həllər hazırlayan İT şirkətləri fəaliyyət göstərir. Bu həllər özəl sektorda çalışan şirkətlərin daxili proseslərinin tam rəqəmsallaşdırılmasına imkan verə bilər", – deyə Ş. Əliyev əlavə edib.

44 filmi