"Ursula fon der Lyayenin səfəri Azərbaycan-Aİ arasında dialoqu möhkəmləndirib" - RƏY

Xarici siyasət
  • 22 iyul, 2022
  • 14:35
Ursula fon der Lyayenin səfəri Azərbaycan-Aİ arasında dialoqu möhkəmləndirib - RƏY

"Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı əldə olunan razılıq Avropa İttifaqı ölkələrinə Rusiya qazından asılılığa son qoymaq üçün perspektivlər açır".

Bunu "Report"un Fransa bürosuna Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy Avropa Komissiyasının Prezidentinin Bakıya səfərini şərh edərkən bildirib.

O deyib ki, Ursula fon der Lyayen Azərbaycana səfər edən yeganə Avropa İttifaqı (Aİ) rəhbəri deyil.

O xatırladıb ki, Aİ-nin Qafqaz üzrə xüsusi nümayəndəsi də bu ilin fevral ayında Bakıya səfər edib: "Bundan əlavə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Bakıya bir neçə səfəri olub. Bu səfərlərin davamı olaraq Ursula fon der Lyayenin səfəri Azərbaycan ilə Avropa İttifaqı arasında üç məsələni təsdiqləyib və dialoqu möhkəmlədib. İlk növbədə bu səfər göstərdi ki, Avropa İttifaqı Qarabağ məsələsində ATƏT-i əvəz edə bilər. Belə ki, Minsk qrupunun artıq mövcud olmaması təəssüratı yaranıb. Azərbaycan ilə Ermənistan arasında danışıqlara vasitəçiliyin Avropa İttifaqı tərəfindən, istər Avropa ittifaqı Şurası, istərsə də Avropa Kommissiyası yolu ilə həyata keçirilməsi təəssüratı öz təsdiqini tapmaqdadır".

Emmanuel Dupuy bildirib ki, Avropa İttifaqı "Şərq tərəfdaşlığı” proqramını ikitərəfli əlaqələri möhkəmləndirməklə əvəz etməyə çalışır: “Ukraynanın Rusiya tərəfindən işğalı nəticəsində Ukrayna və bundan əlavə Belarus "Şərq tərəfdaşlığı” proqramında iştirak etmir və əməkdaşlığın fəaliyəti de fakto mövcud deyil. Nəticədə Avropa İttifaqı bu ölkələrlə ikitərəfli əməkdaşlığı, xüsusilə də Cənubi Qafqaz ölkələri ilə ikitərəfli əlaqələrini daha da möhkəmləndirməyə çalışır.“

Ekspertin fikrincə, Aİ ölkələrinə ötürülən Azərbaycan qazının miqdarının artırılması haqqında razılıq çox yaxşı xəbərdir: “Üçüncü məsələ enerji təhlükəsizliyi ilə bağlıdır. Aİ ölkələri qarşılarına 2025 ilin sonuna qədər Rusiya qazından asılılığa tam son qoymaq kimi məqsəd qoyublar. Cənub Qaz Dəhlizi vasitəsilə Aİ ölkələrinə ötürülən Azərbaycan qazının miqdarının artırılması haqqında razılıq çox yaxşı xəbərdir. Avropaya ötürülən Azərbaycan qazının miqdarı 20 milyard küb metrə çatdırılacaq. Bu da ilin sonuna qədər Aİ ölkələrinin Rusiya qazından asılılığını 15 faiz azaltmağa imkan verəcək. Beləliklə bu səfər yalnız qaz məsələsinin həsr olunmasa belə əldə olunan razılıq Aİ ölkələri üçün rus və turk qazından asılılığa son qoymaq üçün böyük imkanlar açır".

44 filmi