Ülvi Mehdiyev: Azərbaycanın "ASAN Xidmət" modeli planet əhalisinin təxminən 10 %-ni əhatə edib

Xarici siyasət
  • 10 sentyabr, 2026
  • 11:02
Ülvi Mehdiyev: Azərbaycanın ASAN Xidmət modeli planet əhalisinin təxminən 10 %-ni əhatə edib

Azərbaycanda yaradılmış "ASAN Xidmət" modeli bu gün bütün dünyada 800 milyondan çox insana - planet əhalisinin təxminən 10 %-nə xidmət göstərən 600-dən artıq mərkəzdə tətbiq edilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsi" mövzusunda konfransda bildirib.

Konfrans Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) 15 illiyinə həsr olunub.

Onun sözlərinə görə, ASAN sisteminin yaradılması və uğurla tətbiqi Azərbaycanın inkişaf göstəricilərindən biridir.

"Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət xidmətlərinin göstərilməsi üçün omnikanal sistem kimi yaradılan "ASAN Xidmət" bürokratiyanı səmərəliliklə əvəzləyərək, eləcə də şəffaflığı və innovasiyaları təşviq edərək vətəndaş-dövlət münasibətlərini transformasiya edib", - Ü.Mehdiyev bildirib.

O qeyd edib ki, hesabatlılıq və sadəlik prinsiplərinə əsaslanan ASAN modeli həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda tanınan səmərəli dövlət idarəçiliyi simvoluna çevrilib.

Xidmət rəhbərinin sözlərinə görə, konsepsiyanın unikallığı dövlət xidmətlərinin göstərilməsində innovasiya və müasir texnologiyalardan istifadə edilməsindədir və Azərbaycan bu cür yanaşmanı tətbiq edən ilk ölkələrdən biri olub.

Ü.Mehdiyev xatırladıb ki, 2015-ci ildə "ASAN Xidmət" dövlət xidmətinin inkişafına verdiyi töhfəyə görə BMT mükafatına, 2019-cu ildə isə rəqəmsal dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların təşviqinə görə BMT-nin xüsusi mükafatına layiq görülüb.

O bildirib ki, bu mükafatlar Azərbaycanın səmərəli dövlət idarəçiliyi sahəsindəki nailiyyətlərinin növbəti dəfə ən yüksək beynəlxalq səviyyədə tanınmasıdır.

"ASAN Xidmət" təcrübəsi və konsepsiyasını dörd qitədə 40-dan çox ölkə ilə bölüşdük. Pakistan, İndoneziya, Efiopiya, Uqanda, Özbəkistan və Əfqanıstan ASAN modeli əsasında qurulmuş dövlət xidmətləri mərkəzləri yaradıblar", - Ü.Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, bu, Azərbaycan innovasiyasının inkişaf məqsədilə praktiki beynəlxalq əməkdaşlıq alətinə necə çevrilə biləcəyini əyani şəkildə nümayiş etdirir.

"Bu modelin qlobal mövcudluq miqyası özü hər şeyi deyir", - sədr vurğulayıb.