BMT-də Azərbaycanın Cənub-Cənub əməkdaşlığına verdiyi önəmdən bəhs olunub
- 16 oktyabr, 2026
- 04:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan həmrəyliyi, qarşılıqlı faydanı və dayanıqlı inkişafı təşviq etmək vasitəsi kimi Cənub-Cənub əməkdaşlığına böyük əhəmiyyət verir.
"Report" xəbər verir ki, "Report" xəbər verir ki, bu, BMT Baş Assambleyasının ikinci komitəsində Cənub-Cənub əməkdaşlığı mövzusunda keçirilən iclasda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyin üçüncü katibi Qəmər Səfərova tərəfindən səsləndirilən bəyanatında vurğulanıb.
Bəyanatda qeyd olunub ki, Cənub-Cənub əməkdaşlığı biliklərin, təcrübənin, texnologiyanın və ümumi inkişaf çağırışlarına dair praktiki həllərin bölüşdürülməsi üçün mühüm vasitədir:
"Azərbaycan həmrəyliyi, qarşılıqlı faydanı və dayanıqlı inkişafı təşviq etmək vasitəsi kimi Cənub-Cənub əməkdaşlığına böyük əhəmiyyət verir. 2011-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) inkişafa yardımın, bilik mübadiləsinin və potensialın artırılmasının asanlaşdırılmasında mühüm rol oynayır. Ötən on il yarım ərzində 140-dan çox ölkə Azərbaycandan yardım alıb. Bu səylər Azərbaycanın həmrəylik, tərəfdaşlıq və qarşılıqlı faydaya əsaslanan beynəlxalq inkişaf əməkdaşlığına yanaşmasını əks etdirir".
"Azərbaycanın müxtəlif regionlardakı fəaliyyəti onun Qlobal Cənub və Qlobal Şimal arasında körpü yaradan rolunu vurğulayır, ortaq çağırışlar üzrə dialoqu və əməkdaşlığı asanlaşdırır. Regional bağlantılar, nəqliyyat dəhlizləri və enerji əməkdaşlığı iqtisadi əlaqələrin gücləndirilməsinə, ticarətin asanlaşdırılmasına, eləcə də regional inteqrasiyanın və enerji təhlükəsizliyinin dəstəklənməsinə töhfə verir", - bəyanatda vurğulanıb.
İqtisadi əməkdaşlıqla yanaşı, qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi üçün dialoq və təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunan bəyanatda Bakı Prosesi vasitəsilə Azərbaycanın müxtəlif cəmiyyətlər arasında mədəniyyətlərarası dialoqu və qarşılıqlı anlaşmanı təşviq etdiyi diqqətə çatdırılıb.
Sonda Azərbaycanın Cənub-Cənub əməkdaşlığını gücləndirmək, Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləyişi sürətləndirmək və hamı üçün dayanıqlı inkişafı irəlilətmək məqsədilə üzv dövlətlərlə birlikdə işləmək sadiqliyini bir daha təsdiq etdiyi qeyd olunub.