TÜRKPA-nın Baş katibi Macarıstan səfiri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Xarici siyasət
  • 13 noyabr, 2025
  • 15:43
TÜRKPA-nın Baş katibi Macarıstan səfiri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ilə ümumi maraqların qorunması və parlamentlərarası əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

TÜRKPA-dan "Report"a verilən məlumata görə, səfir T.Torma Ramil Həsəni TÜRKPA Baş katibi olaraq vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona vacib missiyasında uğurlar arzulayıb.

Baş katib Ramil Həsən səfir T.Tormaya minnətdarlığını bildirərək Macarıstanın TÜRKPA üçün vacib tərəfdaş və qardaş ölkə kimi rolunu vurğulayıb və onun Türk əməkdaşlıq platformasına əlavə dəyər qatdığını qeyd edib. R.Həsən Macarıstanın Türk dövlətləri və Avropa arasında dialoq körpüsü rolunu oynamaqla ortaq dəyərlərin və qarşılıqlı anlaşmanın təşviqinə töhfə verdiyini bildirib.

Baş katib Macarıstan səfirinə Assambleyanın gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib. Xüsusilə, üzv və müşahidəçi parlamentlərin nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin beynəlxalq parlament təşkilatlarının iclasları çərçivəsində görüşlərinin təşkili, həmçinin TÜRKPA parlament sədrlərinin illik qeyri-rəsmi görüşlərinin keçirilməsi məsələlərini diqqətə çatdırıb. O, Macarıstanın bu təşəbbüslərdə iştirakının alqışlandığını və TÜRKPA üçün əhəmiyyətli hesab edildiyini vurğulayıb.

Müzakirələr zamanı tərəflər ümumi maraqların qorunması və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb. Həmçinin, qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən parlament diplomatiyası və beynəlxalq təşkilatlar çərçivəsində birgə təşəbbüslərdə əməkdaşlığın yeni perspektivlərinin inkişaf etdirilməsi istiqamətində növbəti addımları müzakirə ediblər.

Görüşdə, həmçinin Baş katibin müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova da iştirak ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti