Türkiyəli professor: "Azərbaycan-Özbəkistan Əbədi Dostluq Sazişi" Türk dünyasının geosiyasi onurğasıdır
- 25 avqust, 2026
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan-Özbəkistan Əbədi Dostluq Sazişi" Türk dünyasının geosiyasi onurğasıdır.
Bu fikri Ankara Böhran Vəziyyətlərinin Araşdırılması və Siyasət Mərkəzinin (ANKASAM) rəhbəri professor Mehmet Seyfəddin Erol Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları "Müttəfiqlik Münasibətləri haqqında Müqavilə"ni (Əbədi Dostluq Sazişi) "Report"un Türkiyə bürosuna şərh edərkən bildirib.
O deyib ki, Orta Asiya və Qafqazın siyasi, iqtisadi, mədəni balansına köklü təsir göstərən bu saziş Türk dünyasının geosiyasi inteqrasiyası, Türk Dövlətləri Təşkilatının (TDT) regional liderliyi və qlobal ticarət yolu olan Orta Dəhliz üçün tarixi bir dönüş nöqtəsidir.
ANKASAM rəhbərinin sözlərinə görə, bu strateji ittifaq Asiya və Avropa arasındakı balansı yenidən formalaşdıracaq mühüm əhəmiyyətə malikdir:
Ekspertin fikrincə, bu müqavilə çərçivəsində TDT daxilində əvvəllər səsləndirilən "ortaq ittifaq və əbədi dostluq" hədəfləri artıq reallaşır. Təhlükəsizlik, enerji, sənaye və mədəni əlaqələrə ən yüksək səviyyədə hüquqi təminat verən bu sənəd digər üzv dövlətlər üçün də siyasi və hüquqi bir model rolunu oynayacaq.
Mehmet Seyfəddin Erol deyib ki, Orta Dəhliz baxımından da bu saziş ticarət yolunun təhlükəsizliyi, davamlılığı və logistika səmərəliliyi üçün həyati zəmanətdir:
"Bu sənədlə Çindən Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Avropaya uzanan Orta Dəhliz şimalda Rusiya marşrutuna və cənubda qeyri-sabit marşrutlara ən təhlükəsiz alternativə çevriləcək. Məlum olduğu kimi, Özbəkistan, Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizi vasitəsilə yaşıl enerji şəbəkələrini birləşdirmək layihəsi mövcuddur. Bu kontekstdə, Azərbaycan və Özbəkistan arasında nəqliyyat infrastrukturlarının birləşdirilməsi, gömrük proseslərinin sadələşdirilməsi və birgə logistika layihələrinin həyata keçirilməsi dəhliz boyunca tranzit müddətini əhəmiyyətli dərəcədə qısaldacaq.
Həmçinin, bu saziş Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli mexanizmi - dəmir yollarının, limanların, rəqəmsal təhlükəsizliyin və enerji ötürmə xətlərinin inteqrasiyasını sürətləndirəcək".