Türkiyəli deputat parlamentdəki iş otağında Azərbaycan guşəsi yaradıb
- 25 iyul, 2023
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ümummilli Lider Heydər Əliyev mənə zarafatyana “sən Naxçıvanın millət vəkilisən” deyirdi".
Bunu “Report”un Ankara bürosuna müsahibəsində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım deyib.
O bildirib ki, köməkçisi Cem Ayrım da azərbaycanəsillidir: "Onun dizaynı ilə parlamentdəki iş otağınızda Azərbaycan guşəsi qurduq. Ümummilli Lider Heydər Əliyevlə bağlı xüsusi bir guşə yaratmışıq. Ulu Öndər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin nəşi Naxçıvana gətirilən zaman bizi də dəvət etmişdi. Mərhum Heydər Əliyev çox vəfalı və diqqətli insan idi. Bu foto da (bizə göstərərək - red.) 2002-ci ildə Ümummilli Liderin Türkiyəyə son səfəri zamanı çəkilib. Həmin vaxt mənə belə dedi: "Azərbaycanlılara qarşı sərhəd keçid məntəqələrində problem yaradılır. Baş nazirin müavini Məsut Yılmazla, dostum Süleyman Dəmirəllə də görüşəndə bu məsələni deyəcəyəm. Sən də Naxçıvanın millət vəkili kimi bu məsələnin üzərində dur”. Mənə zarafatyana “sən Naxçıvanın millət vəkilisən” deyirdi".
Ayrım qeyd edib ki, babaları da əslən Gədəbəydən olan oğuz türkləridir: "Mən babam Şamil Ayrımın ad-soyadını daşıyıram. Babam Türkiyədə 16 il senator olub. Həyat yoldaşım isə şuşaəsillidir. Onun atası da 20 il millət vəkili olub, qardaşı İlhan Aküzüm də 20 il nazir vəzifəsində işləyib. Biz illərdir ki, Azərbaycanı Türkiyədə şərəflə təmsil edirik".
Müsahibənin geniş variantı ilə buradan tanış ola bilərsiniz.