Tinatin Kolbaya: Gürcüstanda şəhər planlaşdırması sistemi alman modelinə əsaslanır
- 20 may, 2026
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda şəhər və məkan planlaşdırması sistemi ictimai iştirakçılıq prinsipləri üzərində qurulur və şəhərsalma idarəetməsinin alman modelinə əsaslanır.
"Report" xəbər verir ki, bunu Gürcüstanın Məkan və Şəhərsalma İnkişafı Agentliyinin rəhbərinin birinci müavini Tinatin Kolbaya Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi agentlik 2022-ci ildə müstəqil qurum kimi yaradılıb.
T.Kolbaya vurğulayıb ki, agentliyin əsas vəzifələrindən biri milli məkan planının işlənib hazırlanması, eləcə də bələdiyyələrə şəhər və məkan planlarının hazırlanmasında dəstək olmaqdır: "Biz həmçinin bələdiyyələr tərəfindən hazırlanmış planları nəzərdən keçiririk, buna görə də ölkədə şəhər və məkan planlaşdırması proseslərinin əhəmiyyətli hissəsini əhatə edirik".
Onun sözlərinə görə, Gürcüstanın müasir məkan planlaşdırması sistemi 2019-cu ildə məkan planlaşdırması üzrə məcəllənin qəbulundan sonra formalaşıb: "Bizim sistemimiz bir çox cəhətdən alman planlaşdırma modelini xatırladır və planların dəqiq iyerarxiyasını nəzərdə tutur".
T.Kolbaya qeyd edib ki, Sovet İttifaqının dağılmasından sonra Gürcüstanda faktiki olaraq müasir şəhərsalma planlaşdırması təcrübəsi yox idi: "Çünki bir çox ixtisaslaşmış institutlar ləğv edilmişdi. Bu gün biz artıq 12 plan üzərində işləyirik, 40-a yaxın plan isə müxtəlif bələdiyyələr tərəfindən təsdiqlənib".
Agentliyin nümayəndəsi həmçinin əhalinin planlaşdırma prosesində iştirakının vacibliyini vurğulayıb: "Biz ictimaiyyətin ən erkən mərhələdən etibarən iştirakını təmin etməyimizlə çox qürur duyuruq. Planların hazırlanmasının bütün mərhələləri ictimai müzakirələr və dinləmələrdən keçir".