Səfir: Azərbaycan və Türkmənistan Xəzərdə birgə layihələr üçün geniş imkanlara malikdir

Xarici siyasət
  • 13 oktyabr, 2026
  • 19:44
Səfir: Azərbaycan və Türkmənistan Xəzərdə birgə layihələr üçün geniş imkanlara malikdir

Türkmənistan və Azərbaycan Xəzər regionunun geosiyasi üstünlüklərindən istifadəyə yönəlmiş birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlara malikdir.

"Report" xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov Bakıda Türkmənistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

"Əlverişli coğrafi mövqe, zəngin enerji və təbii resursların mövcudluğu Xəzəryanı dövlətlərin, o cümlədən Türkmənistanla Azərbaycanın Avrasiyada və bütövlükdə dünya siyasətində strateji əhəmiyyətini artırıb", - o qeyd edib.

Diplomatın sözlərinə görə, Türkmənistan və Azərbaycan Avropa ilə Asiya arasında unikal mədəni və siyasi körpü olan Xəzər regionunda əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.

O vurğulayıb ki, ölkələr qarşılıqlı fəaliyyəti təkcə siyasi-diplomatik deyil, həm də ticari-iqtisadi sahədə inkişaf etdirir. Səfirin sözlərinə görə, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əməkdaşlığın mühüm alətidir və onun çərçivəsində ikitərəfli münasibətlərin aktual məsələləri müntəzəm olaraq müzakirə olunur.

"Türkmənistan və Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm həlqələridir. Türkmənbaşı Beynəlxalq Dəniz Limanının və Bakı Beynəlxalq Dəniz Limanının modernləşdirilmiş infrastrukturu Asiya və Avropa arasında səmərəli yükdaşıma marşrutlarını təmin edir və Xəzər regionunu güclü logistika mərkəzinə çevirir", - Q. Elyasov bildirib.

Səfir həmçinin qeyd edib ki, Azərbaycanın regionlararası əməkdaşlıqda fəal iştirakı sayəsində ikitərəfli münasibətlər yeni geosiyasi səviyyəyə yüksəlib.

Q. Elyasov Türkmənistan və Azərbaycan arasındakı münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə, bütün sahələrdə əməkdaşlığın genişlənməsinin regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

44 - Tezliklə