Tbilisidə Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib
- 02 fevral, 2022
- 14:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın paytaxtı Tbilisidə 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd olunub.
“Report”un yerli bürosu xəbər verir ki, “Axundov İncəsənət Qalereyası”nda Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə sərgi və konsert proqramından ibarət tədbir keçirilib.
Mərasimdə Marneulidə fəaliyyət göstərən “Qrinviç” təhsil mərkəzini təmsil edən istedadlı yeniyetmə və gənc rəssamların əl işləri nümayiş olunub, Gürcüstanın “Çıraqdan” xalq alətləri ansamblı folklor musiqilər təqdim edib. Yerli və beynəlxalq müsabiqələrin qalibi, tbilisili məktəbli Mariam Tsiklauri gürcü mahnıları ilə yanaşı, Azərbaycanın “Cücələrim” uşaq mahnısını da ifa edib. Azərbaycan və gürcü rəqslərinin də yer aldığı maraqlı konsert proqramı alqışlarla qarşılanıb.
Tədbir çərçivəsində gənc istedadlı rəssam Nino Mçedlişvili çəkdiyi “Bakı” rəsmini və Nizami Gəncəvinin portretini Azərbaycanın Gürcüstandakı səfirliyinə hədiyyə edib. Səfirliyin əməkdaşı Ramel Lətifov dəyərli hədiyyələrə görə minnətdarlıq bildirib. O, tədbirin təşkilatçılığına görə Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Leyla Əliyevaya təşəkkür edib.
L.Əliyeva çıxış edərək deyib ki, bugünkü tədbir həmçinin mədəniyyət vasitəsilə azərbaycanlı və gürcü gənclər arasında dostluq əlaqələrinin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyıb. Onun sözlərinə görə, gürcü və Azərbaycan xalqlarının dostluğunun gələcəyi etibarlı əllərdədir.
Sonda gənc rəssam və musiqiçilər təşəkkürnamələrlə təltif olunublar.