Tailand rəsmisi: AQEM çərçivəsində dialoq strateji zərurətdir

Xarici siyasət
  • 15 oktyabr, 2026
  • 15:51
Tailand rəsmisi: AQEM çərçivəsində dialoq strateji zərurətdir

Beynəlxalq qeyri-müəyyənlik, gərginlik və parçalanma şəraitində dövlətlər arasında dialoq strateji zərurətdir.

"Report" xəbər verir ki, bu barədə Tailandın xarici işlər nazirinin müavini Vicavat İsarapakdi (Vijavat Isarabhakdi) Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.

"Beynəlxalq ictimaiyyətin qeyri-müəyyənlik, gərginlik və parçalanma ilə üzləşdiyi şəraitdə AQEM bizə fundamental bir həqiqəti xatırladır: aramızda dialoq sadəcə arzuolunan deyil, həm də strateji zərurətdir. Məhz dialoq etimadı möhkəmləndirməyə, fikir ayrılıqlarını aradan qaldırmağa və məzmunlu əməkdaşlıq üçün zəmin yaratmağa imkan verir. Rəqabətin və geosiyasi qarşıdurmanın kəskinləşdiyi dövrdə unutmamalıyıq ki, AQEM-in əsas prinsiplərindən olan qarşılıqlı etimad ümumi sülhün və rifahın təmin edilməsi üçün zəruridir", – nazir müavini qeyd edib.

Onun sözlərinə görə, Tailand sülhə aparan yol kimi diplomatiya və dialoq prinsiplərinə daim sadiqdir.

Nazir müavini həmçinin vurğulayıb ki, dialoq yalnız səmimiyyətə, vicdanlı yanaşmaya və qarşılıqlı xoş niyyətə əsaslandıqda dəyərli olur.

O, AQEM-in inkişafına və təşkilatın gələcək təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsinə verdiyi töhfəyə görə Azərbaycana minnətdarlığını bildirib.

"Tailand sülhsevər, təhlükəsiz, qarşılıqlı əlaqəli və firavan Asiyaya dair ümumi baxışımızı reallaşdırmaq naminə bütün üzv dövlətlərlə əməkdaşlıq edərək AQEM-in fəaliyyətində fəal və konstruktiv iştirakını davam etdirəcək", – Tailand rəsmisi əlavə edib.

44 filmi