"SOCGOV 2025"də əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq müzakirə olunub

Xarici siyasət
  • 24 oktyabr, 2025
  • 16:12
SOCGOV 2025də əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq müzakirə olunub

Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka insan və transformasiya üçün" beynəlxalq konfransı çərçivəsində "Əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq" mövzusunda panel müzakirəsi baş tutub.

"Report" xəbər verir ki, Norveçin Əmək və Rifah İdarəsinin Müavinətlər departamentinin hüquq üzrə məsləhətçisi Filip Madsen çıxışı zamanı ölkəsinin təcrübəsini bölüşüb:

"2035-ci ilədək demoqrafik dəyişikliklərə görə, yaşlı əhalinin sayı artacaq və bu, əmək bazarına təsirsiz ötüşməyəcək. Artıq işçi qüvvəsi çatışmazlığı özünü göstərir. Bu da gələcəkdə özünü səhiyyə sahəsində göstərəcək. Mövcud səbəblərdən qlobal çağırışlara görə əmək bazarı ilə ayaqlaşan yeni kadrlara ehtiyac duyulur".

Onun sözlərinə görə, süni intellekt sosial-iqtisadi dəyişikliklərə səbəb olur və bu proses hələ davam edəcək:

"Süni intellekt məqsəd yox, alətdir. Süni intellektlə bağlı təşəbbüslər yalnız problemlərin həll yoluna yönəlməlidir, problemləri həll etməlidir, inklüzivliyi artırmalıdır. Süni intellektin dövlət qurumlarına inteqrasiyası artdıqca insanların hüququ və şəxsi məlumatları da qorunmalıdır".

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində Türkiyə İş Qurumu Baş İdarəsinin xarici əlaqələr və layihələr idarəsinin məşğulluq üzrə eksperti Eser Erol bildirib ki, bu gün səhiyyə, rəqəmsal platformalarda süni intellektə ehtiyac duyulur:

"Bu texnologiyadan istifadə etməklə yeni yanaşmalar ortaya qoyulmalıdır. Gələcək peşələr üçün əmək bazarında sorğular həyata keçirilməlidir. Eyni zamanda, digər peşələrlə müqayisə aparılmalıdır. Rəqəmsal bacarıqlar əmək bazarında əsas prioritetdir. Bu səbəbdən əmək bazarının tələblərinə uyğun işçilər üçün təlimlər təşkil edilməlidir".

Qazaxıstanın Dövlət Sosial Sığorta Fondunun İnformasiya texnologiyaları və texniki təminat departamentinin müdiri Darın Tolubayev ölkəsinin süni intellekt sahəsində təcrübələrini bölüşüb:

"Sosial sahədə süni intellektdən istifadə edilməsi ölkənin sosial inkişafından xəbər verir. Süni intellekt həlləri tövsiyə xarakterlidir. Qazaxıstanda süni intellekt vasitəsilə əlilliyin avtomatik müəyyənləşdirilməsi təcrübəsi var. Belə ki, vətəndaşların təqdim etdiyi tibbi sənədlər əsasında məsafədən tibbi müayinə aparılır. Bununla da ekspertizaya sərf olunan vaxt azaldılır və proses daha effektiv təşkil edilir".

Sonda panel sual-cavab müzakirəsi ilə başa çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti