Şlapaçenko: BMT Qarabağda Azərbaycan hökuməti ilə strateji dialoq keçirəcək
- 08 oktyabr, 2026
- 11:46
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT Azərbaycanın Qarabağ bölgəsində ölkə hökuməti ilə strateji dialoq keçirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitri Şlapaçenko bildirib.
"Biz hökumətlə birlikdə Qarabağda strateji dialoq keçirməyi planlaşdırırıq. Mənim üçün bu, strateji əhəmiyyət kəsb edir və çox vacib bir istiqamətdir", - o vurğulayıb.
D.Şlapaçenko qeyd edib ki, bu dialoq çərçivəsində hökumətin ehtiyacları müəyyən ediləcək və BMT-nin Qarabağda həyata keçirilən proseslərə hansı formada dəstək göstərə biləcəyi aydınlaşdırılacaq.
O, həmçinin bir sıra mədəni tədbirlərin keçirilməsi və BMT-nin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi planları barədə məlumat verib.
"Biz bunun üçün bütün zəruri şərtləri görürük", - o deyib.
D.Şlapaçenko, həmçinin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə olan sadiqliyini qeyd edib: "Biz ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqində liderlərdən biri olmasından həqiqətən təsirlənmişik. Nə etmək lazım olduğuna dair Azərbaycanın artıq öz baxışı var".
O vurğulayıb ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması çərçivəsində artıq dörd könüllü milli icmal təqdim etmiş azsaylı ölkələrdən biridir. D.Şlapaçenkonun sözlərinə görə, hazırda beşinci icmal hazırlanır.