Bakıda inklüziv məşğulluq sahəsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
- 14 oktyabr, 2026
- 09:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 15-16-da Bakı şəhərində inklüziv məşğulluq sahəsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
"Report" xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertləri, dövlət qurumlarını, beynəlxalq təşkilatları, özəl sektor nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirəcək.
İnklüziv Məşğulluq Konfransı autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində Azərbaycanın ən genişmiqyaslı beynəlxalq platformalarından biri olacaq. Konfransın əsas məqsədi inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini təşviq etmək, dövlət–özəl sektor əməkdaşlığını genişləndirmək, işəgötürənlərin əlçatan və inklüziv iş mühitinin yaradılması istiqamətində maarifləndirilməsi, eləcə də autizmli və digər əlilliyi olan şəxslərin dayanıqlı məşğulluq imkanlarının artırılmasına töhfə verməkdir.
Konfrans çərçivəsində ABŞ, İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən tanınmış mütəxəssislərin iştirakı nəzərdə tutulur. Tədbirdə həmçinin Azərbaycanın aparıcı dövlət qurumları və özəl sektor nümayəndələri inklüziv məşğulluq sahəsində həyata keçirdikləri təşəbbüsləri və uğurlu təcrübələri təqdim edəcəklər. Konfransın 200-ə yaxın yerli və beynəlxalq iştirakçını qəbul etməsi planlaşdırılır.
Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi və Birgə və Sağlam İctimai Birliyi tərəfindən təşkil olunur.
Beynəlxalq İnklüziv Məşğulluq Konfransı Azərbaycanın inklüziv məşğulluq ekosisteminin inkişafına töhfə verən, beynəlxalq tərəfdaşlıqları gücləndirən və hər kəs üçün bərabər məşğulluq imkanlarının təşviqinə xidmət edən mühüm platforma olacaq.