Şimali Kipr prezidenti ADA Universitetində tələbələrlə görüşüb

Xarici siyasət
  • 13 oktyabr, 2023
  • 13:03
Şimali Kipr prezidenti ADA Universitetində tələbələrlə görüşüb

Bakıda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ADA Universitetində tələbələrlə görüş keçirib.

“Report”un xəbərinə görə, tədbirdə Şimali Kipr prezidentinin nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, ADA Universitetinin rektoru Hafiz Paşayev, türk iş adamları, tələbələr və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ölkənin tarixi, coğrafiyası, mədəniyyəti, geosiyasi vəziyyəti və digər məsələlərlə bağlı gəncləri məlumatlandırıb.

Prezident Şimali Kiprlə Azərbaycan arasındakı münasibətlərdən də bəhs edib: “Azərbaycanla eyni millətin övladları olaraq bizim taleyimiz, kədərimiz, sevincimiz birdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlığı xalqlarımızı bir-birinə daha da sıx bağlayır. Ana vətənimiz Türkiyənin dəstəyi ilə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilmişik. Qardaş Azərbaycanın da dəstəyi ilə bundan sonra regionda siyasi münasibətlərimizin daha da genişlənəcəyinə, siyasi, iqtisadi, sosial, mədəni və bir sıra sahələrdə iş birliklərinin daha da inkişaf etdiriləcəyinə inancımız tamdır”.

Daha sonra ADA Univeristetinin rektoru Hafiz Paşayev çıxış edərək gənclərə ayırdığı vaxta görə Şimali Kipr Prezidentinə təşəkkür edib.

Tədbir prezidentlə tələbələr arasında sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, görüş ADA Universitetinin təşkilatçılığı ilə həyata keçirilib.