Serbiyalı ekspert: Azərbaycanla strateji əməkdaşlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir

Xarici siyasət
  • 18 fevral, 2026
  • 12:50
Serbiyalı ekspert: Azərbaycanla strateji əməkdaşlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir

Diplomatik və geosiyasi baxımdan Azərbaycan və Serbiya orta güclər kimi oxşar mövqedən çıxış edirlər, hər iki ölkə milli suverenlik, ərazi bütövlüyü, müstəqil qərarvermə prinsiplərinin qorunmasında ortaq maraqlara sahibdirlər.

Bunu "Report"un Balkan bürosuna açıqlamasında Strateji Araşdırmalar Forumunun (FORST) prezidenti və Serbiya Milli Assambleyasının sabiq deputatı doktor Neven Svetiçanin (Neven Cvetićanin) Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiyaya səfərinin nəticələri ilə bağlı bildirib.

O qeyd edib ki, böyük güclərin yenidən aktiv və dominant rol aldığı müasir geosiyasi şəraitdə orta güclər arasında əməkdaşlığın gücləndirilməsi xüsusi aktuallıq kəsb edir:

"Bu baxımdan müdafiə sənayesi, diplomatiya və geosiyasət istiqamətində tərəfdaşlığın dərinləşdirilməsi hər iki ölkənin strateji maraqlarına cavab verir".

Ekspert qeyd edib ki, Serbiya üçün Azərbaycanla strateji əməkdaşlıq mühüm əhəmiyyətlidir.

Sabiq deputatın fikrincə, bunun başlıca səbəbi ondan ibarətdir ki, iki ölkə arasında açıq qalan heç bir mübahisəli məsələ mövcud deyil və tərəflər ortaq maraqlara malik orta güclər kimi müstəsna səviyyədə ikitərəfli əməkdaşlıq qurublar.

"Serbiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsas istiqamətləri enerji sektoru, nəqliyyat, iqtisadiyyat, müdafiə sənayesi, eləcə də diplomatiya və siyasətdir", - deyib.

Müsahib vurğulayıb ki, enerji sahəsində Azərbaycan Serbiya üçün enerji mənbələrinin və idxal marşrutlarının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

"Niş şəhərində yeni elektrik stansiyasına Azərbaycanın investisiya yatırması bu əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir".

N.Svetiçanin diqqətə çaydırıb ki, ümumilikdə, Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq hazırda yüksək səviyyədə olsa da, bu münasibətlər daha da genişləndirilə və dərinləşdirilə bilər:

"Bunun üçün əməkdaşlıq yalnız siyasi elitalar səviyyəsində deyil, cəmiyyətlərin bütün təbəqələrini əhatə etməlidir. Beyin mərkəzləri, elmi-tədqiqat institutları, akademik qurumlar və universitetlər arasında əlaqələrin gücləndirilməsi, Orta Dəhliz və ya Xəzər–Balkan strateji xətti mövzusunda beynəlxalq konfransların təşkili əməkdaşlığın institusional əsaslarını möhkəmləndirə bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti