Serbiyada Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan rəsmi qəbul keçirilib
- 23 iyun, 2026
- 23:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Silahlı Qüvvələrinin Serbiya Respublikasındakı Səfirliyinin nəzdində Hərbi Attaşelik Aparatının təşkilatçılığı ilə paytaxt Belqrad şəhərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul keçirilib.
"Report"un Balkan bürosu xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Azərbaycan Ordusunun tarixindən söz açıb. Diplomat 1990-cı illərin əvvəllərində Ermənistan hərbi təcavüzü nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə də diqqət çəkib:
"Bu təcavüz nəticəsində minlərlə insan qətlə yetirilib və ya hələ də itkin sayılır. 27 il ərzində həmin ölkə bütün işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayıb, ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində aparılan danışıqları mütəmadi olaraq pozub və ardıcıl hərbi təxribatlara əl atıb. 2020-ci ildə isə Azərbaycanın rəşadətli Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayaraq işğal olunmuş əraziləri azad edib. Ölkəmizin ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən tam bərpa olunub".
Hərbi Attaşenin baş köməkçisi Cəfər Məmmədov isə çıxışında bildirib ki, ardıcıl modernləşmə siyasəti, qabaqcıl hərbi imkanlara yatırımlar və yüksək peşəkarlığa malik kadrların hazırlanması nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli hərbi təsisatlarından birinə çevrilib. Onun sözlərinə görə, bu gün Azərbaycan regional sabitliyin, beynəlxalq təhlükəsizliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsinə fəal töhfə verməyə davam edir: "Bu əlamətdar günü qeyd edərkən Azərbaycanın sülhə, sabitliyə və konstruktiv beynəlxalq əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyirik. Eyni zamanda, ölkəmizi müdafiə etməyə və qlobal təhlükəsizliyə töhfə verməyə daim hazır olan güclü və qüdrətli Silahlı Qüvvələrimizi inkişaf etdirmək əzmində olduğumuzu vurğulayırıq".
Qeyd edək ki, tədbirdə Serbiya Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək rütbəli hərbi nümayəndələri, eləcə də burada akkreditə olunmuş bir çox ölkələrin hərbi attaşeləri, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.