Səfir: Latviya Bakı-İrəvan sülh prosesinin irəlilədilməsinə hər cür dəstək göstərməyə hazırdır
- 20 noyabr, 2025
- 19:44
Latviya, bütün Avropa İttifaqı kimi, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi üçün lazım olan hər cür dəstəyi göstərməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Latviya Respublikasının elan edilməsinin 107-ci ildönümünə həsr olunmuş tədbirdə bəyan edib.
"Biz Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş irəliləyişi yüksək qiymətləndiririk. Bu, həqiqətən də əlamətdar hadisədir. Cənubi Qafqazda sülh əməkdaşlıq, gələcək iqtisadi artım və rifah üçün qapılar açacaq. Biz Azərbaycanın regionda sabitliyin təmin olunmasında strateji rolunu dəyərləndiririk", – deyə diplomat bildirib.
Azərbaycan‑Latviya münasibətlərindən danışarkən səfir vurğulayıb ki, onilliklər ərzində iki ölkə arasında həmişə fəal dialoq mövcud olub, o cümlədən Strateji tərəfdaşlıq haqqında Saziş də imzalanıb.
"Bizim mütəmadi olaraq yüksək səviyyəli siyasi görüşlərimiz keçirilir, fəal parlamentlərarası əməkdaşlıq inkişaf edir, xüsusilə dostluq qrupları arasında, həmçinin dövlət və özəl sektorlar arasında sıx əməkdaşlıq mövcuddur və hökumətlərarası komissiya fəaliyyət göstərir. Əməkdaşlığın perspektivli sahələrindən biri kənd təsərrüfatı sektoru, yaşıl texnologiyalar və orqanik məhsulların əkinidir", – deyə Skuya əlavə edib.