Estoniyada asfalt qıtlığı yaranıb, Tallində bir sıra yol təmiri işləri dayandırılıb
- 28 oktyabr, 2026
- 04:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Estoniyada İsveç və Litvadan bitum tədarükünün dayandırılması səbəbindən ciddi asfalt qıtlığı yaranıb. Bu, Tallin hakimiyyətini bir sıra yol təmiri layihələrindən imtina etməyə məcbur edib.
"Report" ERR dövlət teleradioyayım portalına istinadən xəbər verir ki, bunu Estoniyanın paytaxtının vitse-meri Kristian Yarvan bildirib.
"Pis xəbərlə başlayım: Estoniyada asfalt qurtarıb. Hələlik məlum olmayan səbəblərdən İsveç şirkəti tədarükü dayandırmaq qərarına gəlib. Litva şirkəti isə bundan yararlanaraq qiymətləri dərhal artırıb, daha sonra onun zavodunda nasazlıq yaranıb", – o deyib.
Onun sözlərinə görə, hər iki ölkədən bitum tədarükünün dayanması Estoniya müəssisələrinin asfalt istehsal etmək imkanını məhdudlaşdırıb. Şəhər hakimiyyəti artıq Tallində yol örtüyünün çəkilməsi ilə məşğul olan iki podratçı şirkəti vəziyyət barədə məlumatlandırıb.
Vitse-mer qeyd edib ki, yaranmış vəziyyət şəhərin yol təmiri planlarına yenidən baxılmasını zəruri edib. Qış dövründə asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı nəzərdə tutulan bir sıra layihələrdən imtina olunub: "Biz küçələrin qazıldığı, lakin sonradan bərpa etmək üçün asfaltın olmadığı vəziyyətin yaranmasının qarşısını almaq istəyirik".