Səfir: Çin müdafiə məsələlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Xarici siyasət
  • 28 iyul, 2026
  • 19:33
Səfir: Çin müdafiə məsələlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə mübadilə və əməkdaşlığı bundan sonra da genişləndirməyə, ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Diplomatın sözlərinə görə, hərbi əməkdaşlıq Bakı ilə Pekin arasında hərtərəfli strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir.

"Çin və Azərbaycan strateji tərəfdaşlardır. Dövlət başçılarımızın strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri davamlı müsbət dinamikanı qoruyub saxlayır, müxtəlif sahələrdə əməkdaşlıq isə durmadan inkişaf edərək ölkələrimizin xalqlarına real nəticələr verir", - Lu Mey bildirib.

O vurğulayıb ki, Çin tərəfi Azərbaycanla birlikdə iki dövlətin liderləri tərəfindən əldə olunmuş mühüm razılaşmaları həyata keçirmək, "Bir kəmər - bir yol" təşəbbüsünün reallaşdırılması və süni intellekt texnologiyalarının inkişafı da daxil olmaqla, bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək, eləcə də həm regionda, həm də bütün dünyada sülhün möhkəmləndirilməsinə və dayanıqlı inkişafa birgə töhfə vermək niyyətindədir.

44 - Tezliklə