Səfir: Britaniya minatəmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək

Xarici siyasət
  • 17 noyabr, 2026
  • 11:26
Səfir: Britaniya minatəmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək

Böyük Britaniya Azərbaycana keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə qayıda bilməsi üçün minatəmizləmə fəaliyyətində dəstəyini davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında bildirib.

Diplomat noyabrın 12-də Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalandığını xatırladıb. Onun sözlərinə görə, bu tərəfdaşlığın üstünlüklərini Azərbaycanın bütün regionlarının sakinlərinin hiss etməsini təmin etmək vacibdir.

"Diqqətimiz yalnız Bakıya cəmlənməyib. Əvvəlki görüşümüz zamanı mən yalnız Bakıda deyil, Azərbaycanda səfir kimi rolumdan danışmışdım. Tərəfdaşlığımızın üstünlüklərinin ölkənin bütün regionlarının sakinləri tərəfindən hiss olunmasını təmin etmək son dərəcə vacibdir", - səfir qeyd edib.

O, həmçinin bərpa işlərinin yüksək tempini vurğulayaraq, sentyabr ayında Qarabağa səfəri ilə bağlı təəssüratlarını bölüşüb: "Chapman Taylor" şirkətinin Şuşa, Xankəndi, Ağdam və Füzulidəki fəaliyyəti də daxil olmaqla, britaniyalı mütəxəssislər bu prosesə öz töhfələrini verirlər".

D.Norman xatırladıb ki, Böyük Britaniya 2020-ci ildə Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) dəstək göstərən ilk ölkə olub: "Böyük Britaniya 2020-ci ildə ANAMA-ya dəstək göstərən ilk ölkə olması ilə qürur duyur. Keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə qayıda bilmələri üçün minatəmizləmə fəaliyyətini dəstəkləməyə davam edəcəyik".