Səfir: Bakı və London arasında münasibətlər son il xüsusi dinamikası ilə fərqlənib
- 19 iyun, 2025
- 20:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya və Azərbaycan arasında münasibətlər son 12 ay ərzində xüsusi dinamikası və nəzərəçarpan nailiyyətləri ilə fərqlənib.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Böyük Britaniya Kralı III Çarlzın ad gününə həsr olunmuş tədbirdə deyib.
Diplomat çıxışı zamanı 2024-cü ilin noyabrında keçirilən COP29 iqlim konfransı çərçivəsində Britaniya və Azərbaycan arasındakı fəal əməkdaşlığı qeyd edib:
"Britaniyanın Azərbaycandakı səfiri kimi COP29-da iştirakım məndə böyük qürur hissi doğurub. Azərbaycan parlaq ev sahibi oldu, biz isə öz növbəmizdə uğurlu nəticələrə nail olmaq üçün əlimizdən gələni etdik. Bundan əlavə, məhz bu dövrdə Kir Starmer Böyük Britaniyanın Azərbaycana səfər edən ilk baş naziri oldu".
İki ölkə arasındakı təmas nöqtələrindən danışarkən, səfir xüsusilə enerji sahəsini vurğulayıb: "Britaniya şirkətləri Qarabağdan Xəzər dənizi sahillərinə qədər Azərbaycanın gələcək simasının formalaşmasında fəal iştirak edirlər. Onlar enerji tərəfdaşlığımızda yeni səhifələr açır və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verirlər".
Son aylarda ikitərəfli münasibətlərin inkişafını əlamətdar edən əsas hadisələri xatırlayaraq o əlavə edib: "Bu ilin yanvarında biz Britaniyanın Azərbaycandakı ilk daimi hərbi ataşesi - kapitan-leytenant Gevin Tarbardı təyin etdik. Apreldə Azərbaycanın energetika naziri Pərviz Şahbazov İqtisadiyyat və Ticarət üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün Londona səfər edib. Burada ikitərəfli qarşılıqlı fəaliyyət sahəsində daha da iddialı məqsədlər müəyyən edilib. Mayda biz Azərbaycanın elm və təhsil nazirini Britaniyanın paytaxtında keçirilən Ümumdünya Təhsil Forumuna dəvət etdik".