Sədr: “Qoşulmama Hərəkatına sədrliyimiz dövründə mina çirklənməsi probleminə qarşı geniş spektrli işlər görülüb”
- 03 aprel, 2023
- 13:17
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü və Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə keçirilən bir çox yüksək səviyyəli görüşlər, irəli sürülən təşəbbüslər və icra olunan fəaliyyətlər çərçivəsində dünyada və regionda mina çirklənməsi probleminə qarşı səylərin gücləndirilməsi və müvafiq hüquqi qiymətin verilməsi mexanizmlərinin inkişaf etdirilməsi üçün geniş spektrli işlər görülüb”.
Bu fikirləri “Report”a açıqlamasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə deyib.
O qeyd edib ki, 8 dekabr 2005-ci ildə BMT Baş Assambleyası tərəfindən aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü olaraq elan edilib:
“Bu günün təsis olunmasında əsas məqsəd Birləşmiş Millətlər Təşkilatı və digər müvafiq təşkilatlarla əməkdaşlıq çərçivəsində mina və digər müharibə qalıqlarının post-münaqişə zonalarında inkişaf və tərəqqiyə törədə biləcəyi maneələr, yaşayış şəraiti və sağlamlığa yaratdığı təhlükələrin qarşısını almaq üçün dövlətlərin səylərini birləşdirməkdir”.“Mina çirklənməsi Qoşulmama Hərəkatına üzv bir çox ölkə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan üçün ciddi problemlərdən biridir. Bu istiqamətdə, 2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü zamanı dövlət və hökumət başçıları tərəfindən mövzu ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar Zirvə Görüşünün yekun sənədində öz əksini tapıb. Dövlət və hökumət başçıları beynəlxalq humanitar hüquqa zidd olaraq münaqişə ərazilərində piyada əleyhinə minalardan istifadə edilməsinə qarşı çıxıb və dövlətləri minalardan təmizləmə əməliyyatlarına lazımi maliyyə, texniki və humanitar yardım göstərməyə, qurbanların sosial və iqtisadi reabilitasiyasını təmin etməyə çağırıblar. Yekun sənədin 336-cı müddəasına əsasən minaların yerləşdirilməsində məsuliyyət daşıyan tərəf zərərçəkən ölkəyə onun fəsadlarını aradan qaldırmağa dəstək verməli, minaların basdırıldığı yerləri özündə əks etdirən xəritələri bölüşməlidir” - sədr əlavə edib.
O.Qəhrəmanzadə vurğulayıb ki, bu xüsusda, Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərinin öz ölkələrində milli minatəmizləmə potensialının yaradılması və inkişaf etdirilməsi, problemə qarşı yerli və beynəlxalq çərçivədə maarifləndirmə işinin aparılması, həmçinin, minatəmizləmə proqram və layihələrinin tədqiqat və planlaşdırma, icra və qiymətləndirilməsi mərhələlərində aktiv iştirakının təmin edilməsi olduqca vacibdir.