Səadət Yusifova: Azərbaycan ümumtürk irsinin qorunduğu əsas ünvandır

Xarici siyasət
  • 25 iyun, 2026
  • 11:57
Səadət Yusifova: Azərbaycan ümumtürk irsinin qorunduğu əsas ünvandır

Azərbaycan dünən olduğu kimi, bu gün də ümumtürk irsinin qorunduğu əsas ünvandır.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.

Onun sözlərinə görə, türkman irsi əsrlər boyu yaşadılmış, qorunmuş və bu günə daşınmış qiymətli ənənədir:

"Bu irsi qorumaq sadəcə keçmişi yaşatmaq deyil, həm də köklərimizdən güc alaraq gələcəyə uzanan körpünü möhkəmləndirmək deməkdir. Bu məsuliyyəti daşıyanlar, ilk növbədə, vətəndaş cəmiyyəti institutlarıdır. Dövlət müvafiq imkanlar yarada bilər, lakin irsin nəsildən-nəslə ötürülməsi üçün ictimai həmrəylik, təşəbbüskarlıq və əməkdaşlıq əsas şərtdir. Bu sahədə əldə olunan uğurlar da məhz belə bir əməkdaşlığın nəticəsidir".

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən ümumtürk mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi mədəniyyət siyasətinin prioritetlərindən biridir:

"Azərbaycan müasir türk birliyinin əsas ideya müəlliflərindən biridir. Bizim bu gün Bakıda yenidən toplaşmağımız simvolikdir. Düz yüz il bundan əvvəl, 1926-cı ildə Birinci Türkoloji Qurultaya ev sahibliyi edən Bakı Türk dünyasının ortaq elmi-mədəni irsinin araşdırıldığı nüfuzlu mərkəzlərdən biri olub. Azərbaycan Prezidentinin sərəncamı ilə bu il həmin qurultayın 100 illiyi qeyd olunur. Gələn həftə Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" öz işinə başlayacaq".