Sahibə Qafarova Türkiyənin vitse-prezidenti ilə COP29-un nailiyyətlərini müzakirə edib - YENİLƏNİB
- 06 noyabr, 2025
- 22:55
Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası çərçivəsində Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Görüşdə ötən il COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğunu söyləyən Cevdet Yılmaz, COP29 zamanı mühüm qərarların qəbul olunduğunu bildirib. O, qardaş Türkiyənin bu tədbirdə fəal iştirak etdiyini xatırladıb.
Türkiyənin vitse-prezidenti 8 noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdıraraq, bu böyük zəfər nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini söyləyib.
Milli Məclisin sədri qeyd edib ki, dost və qardaş ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edir və qardaş ölkələrimiz bütün məsələlərdə bir-birini daim dəstəkləyir. Söhbət zamanı əlaqələrin bu səviyyəyə gəlib çatmasında dövlət başçılarımızın müstəsna rolu qeyd edilərək, onların şəxsi dostluğunun və qardaşlığının, siyasi iradəsinin və qətiyyətinin münasibətlərin hazırki yüksək səviyyədə olmasını təmin etdiyi bildirilib.
Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın, o cümlədən, təşkilatın daha da gücləndirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb. Eyni zamanda, bu əlaqələrin fonunda Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli zirvəsinin önəmi qeyd edilib.
Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşməsində parlamentlər arasında dialoqun vacib əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu mənada qardaş ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin də yüksək səviyyədə olmasından məmnunluqlarını bildiriblər.
Söhbət zamanı qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi regiona uzunmüddətli sülh, sabitlik və rifahın gəlməsinə müsbət təsir göstərəcək.
Azərbaycanın Milli Məclisin sədri Sahibə Qafarova Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Türkiyənin vitse- prezidenti Cevdet Yılmaz ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Cevdet Yılmaz "X" hesabında paylaşım edib.
O bildirib ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, İranın vitse-prezidenti Şina Ənsari və Rusiyanın vitse-prezidenti və iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə məhsuldar görüşlər keçirib:
"Görüşlərimiz zamanı biz iqlimlə bağlı fəaliyyət, COP29-un nailiyyətləri, COP31-ə ev sahibliyi etmək üçün namizədliyimiz, qlobal iqlim maliyyəsinin gücləndirilməsi, ikitərəfli əlaqələr, regional inkişaflar, ticarət, enerji, nəqliyyat, sərhəd təhlükəsizliyi və ətraf mühit məsələləri də daxil olmaqla genişspektrli ortaq gündəliyi müzakirə etdik.
Türkiyə olaraq biz Azərbaycan, Suriya, İran və Rusiya ilə köklü və çoxvektorlu əlaqələrimizi və konstruktiv dialoqumuzu gücləndirməyə, regionumuzda sülh, sabitlik və davamlı inkişafı dəstəkləyən əməkdaşlıq mexanizmlərini inkişaf etdirməyə sadiqik. Qlobal miqyasda ədalətli, əhatəli və davamlı iqlim diplomatiyasına nail olmaq üçün bütün maraqlı tərəflərimizlə sıx məsləhətləşmələrimizi və həmrəyliyimizi davam etdirəcəyik".