Sabir Rüstəmxanlı: Azərbaycana qarşı bu qədər qeyri-səmimilik İranın əslində mahiyyətini göstərir
- 05 mart, 2026
- 15:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvana - mülki əhalinin yaşadığı yerlərə, məktəbə və təyyarə meydançasına zərbələrin endirilməsi İran hakimiyyətinin riayakarlığını bir daha göstərir.
Bunu "Report"a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, xalq şairi Sabir Rüstəmxanlı deyib.
"Azərbaycan dəfərlərlə elan edib ki, bizim ərazimizdən İrana heç bir təhlükə yoxdur. Azərbaycan ərazisində digər ölkələrin hərbi bazaları yoxdur, biz öz ərazimizdən İrana hərbi əməliyyatlara imkan vermərik. İranın bəzi rəsmiləri elan ediblər ki, Azərbaycan bu məsələdə səmimidir. Bunu bilə-bilə Azərbaycana düşmənçilik siyasəti qətiyyən yol verilməzdir. Azərbaycanın səmimiliyi qarşısında bu qədər qeyri-səmimilik İranın əslində mahiyyətini göstərir".
Sabir Rüstəmxanlı bildirib ki, məktəbə dron və yaxud raket atması yolverilməzidir:
"Əslində İran Azərbaycan məktəblərinə qarşı 100 ildir savaş elan edib. Pəhləvi rejimindən üzü bəri İranda Azərbaycan məktəbləri hamısı bağlanıb. Ana dilində oxumaq uşaqlarımıza qadağan edilib. Yer adlarımız, tarixi adlarımız saxtalaşdırılıb və dəyişdirilərək farslaşdırılıb. İranın Azərbaycana məktəb düşmənçiliyi 100 ildir ki, davam edir. Bu gün ABŞ və yaxud İsraildən İranda bir məktəbə raket atılıbsa, uşaqlar ölübsə, biz bunu da pisləyirik. Amma İran bunu davam etdirir. İran bunu tək silahla yox, İslam adı altında həyata keçirib".
Xalq şairi qeyd edib ki, Azərbaycan türkləri İranda bundan bir dərs götürəcək:
"Azərbaycan türkləri oturub Xameneyinin davamçısının gəlməsini gözləməməlidir. Düşünməməlidir ki, onun davamçısı olan kimsə gələcək, həmin sistem davam edəcək, Azərbaycan xalqı yenə aşağılanacaq. Buna qəti yol vermək olmaz. Yaranmış şəraitdən istifadə etmək lazımdır. Orada olan azərbaycanlılar öz iradələrini ortaya qoymalıdır. İranda azərbaycanlılar söz sahibi olduğunu göstərməlidirlər".