Rusiya İƏT ölkələri ilə maliyyə cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq təklif edib

Xarici siyasət
  • 28 oktyabr, 2026
  • 11:12
Rusiya İƏT ölkələri ilə maliyyə cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq təklif edib

Rusiya İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərlə qanunsuz aktivlərin və maliyyə əməliyyatlarının aşkarlanması üçün rəqəmsal texnologiyaların tətbiqi təcrübəsini bölüşməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Rusiyanın Baş prokuroru Aleksandr Qutsan Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə bildirib.

"Bu gün korrupsionerlər rəqəmsal mexanizmlərin köməyi ilə qanunsuz kapitalları virtual məkanda gizlədərək işimizi çətinləşdirirlər. Lakin biz də sizinlə bu informasiya texnologiyalarına sahibik", - o qeyd edib.

Qutsanın sözlərinə görə, müasir texnologiyalar böyük miqyaslı maliyyə əməliyyatlarını təhlil etməyə, o cümlədən aktivlərin benefisiar sahiblərini müəyyənləşdirməyə imkan verir.

"Biz onlardan fəal şəkildə istifadə edirik və korrupsiyaya qarşı mübarizədə ən yaxşı təcrübələrimizi bölüşməyə hazırıq", - baş prokuror vurğulayıb.

O, həmçinin bildirib ki, oktyabrın 28-də Moskvada Rusiya Baş Prokurorluğunun bazasında BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının icrasının icmalında iştirak edən ölkələrin ekspertləri üçün BMT-nin Narkotik Vasitələr və Cinayətkarlıq İdarəsi tərəfindən müntəzəm təlim kursları başlayıb.

"Gələn il icmalın ikinci mərhələsinə hazırlıq başlayacaq və bu cür kurslara tələbat artmaqda davam edəcək. İƏT ölkələrinin nümayəndələrini Moskvada görməyə şad olarıq", - Qutsan əlavə edib.

Bundan başqa, baş prokuror qeyd edib ki, Rusiya təcrübəsi qanunsuz əldə edilmiş aktivlərin yalnız korrupsionerlərin özlərindən deyil, həm də onların qohumlarından, əlaqəli şəxslərindən və varislərindən müsadirə edilməsini nəzərdə tutur.

44 filmi