Rumıniyada "POLİS" elmi jurnalının Azərbaycana həsr olunan xüsusi nəşri təqdim olunub
- 02 oktyabr, 2025
- 10:21

Rumıniyanın Yassı şəhərinin "Petre Andrei" Universitetində tarix, mədəniyyət və siyasəti əks etdirən "POLİS" elmi jurnalının Azərbaycana həsr olunmuş xüsusi nəşrinin təqdimatı keçirilib.
"Report"un məlumatına görə, əvvəlcə Rumıniya Parlament Senatının prezidenti Mirça Abrudeanın video müraciəti səsləndirilib.
O, Azərbaycanı Avropa və Asiya arasında strateji yerləşməsinə, enerji resursları və regional təhlükəsizlik arxitekturasındakı roluna görə müasir qlobal dinamik dəyişən proseslər şəraitində əvəzolunmaz ölkə adlandırıb.
Həmçinin sözügedən jurnalın tələbələr, tədqiqatçılar və oxucular üçün mühüm regionun bir çox aspektləri ilə tanış olmağa imkan yaratdığını qeyd edib.
Daha sonra senator, iqtidar Milli Liberal Partiyasının parlament fraksiyasının sədrinin müavini, Senatın mədəniyyət və media komitəsinin sədri, eləcə də Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaşın da videomüraciəti səsləndirilib.
Rumıniya millət vəkili bu ilin avqustunda Qarabağa rəsmi səfərini xatırlayaraq, Azərbaycanın regionda günü gündən artan nüfuzunu, aparıcı rolunu vurğulayıb.
O, Azərbaycanla Rumıniya arasında münasibətlərin Asiya ilə Avropa arasında iqdisadi körpü rolu oynayacağına əminliyini ifadə edib.
Səfir Qüdsi Osmanov bu nəşr sayəsində Rumıniyadakı oxucuların bir addım da Azərbaycana yaxınlaşdığını bildirib.
Diplomat "Petre Andrei" Universitetini Azərbaycanın universitetləri ilə, xüsusən Qarabağ Universiteti ilə əməkdaşlığa dəvət edib.
Universitetin professoru, jurnalın icraçı direktoru Sabin Draqulin çıxışında jurnalın mədəniyyətlər arası dialoqa töhfə verdiyini bildirib.
Qeyd edək ki, "POLİS" jurnalı beynəxalq elmi platformalarda indekslənən Rumıniyanın aparıcı nəşrlərindən biridir.