Rəvan Həsənov: Şəhərlər böyüdükcə yeni çətinliklər də meydana çıxır

Xarici siyasət
  • 22 may, 2026
  • 10:44
Rəvan Həsənov: Şəhərlər böyüdükcə yeni çətinliklər də meydana çıxır

Şəhərlər böyüdükcə iqtisadi inkişaf və innovasiya kimi yeni imkanlar yaradır, eyni zamanda, yeni çətinliklər də meydana gətirir.

"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilmiş Yerli Xalqların Hüquqları üzrə Dəyirmi Masada deyib.

O qeyd edib ki, böyük çətinliklərdən biri də bərabərsizlikdir:

"Bir çox icmalar, o cümlədən yerli icmalar şəhər həyatında müxtəlif problemlərlə üzləşirlər. Hamımız bilirik ki, yerli xalqların əksəriyyəti şəhərlərdə yaşayır. Lakin şəhərlərimiz onların ehtiyacları nəzərə alınaraq düzgün şəkildə planlaşdırılmayıb. Yerli xalqlar səhiyyəyə, yaşayış şəraitinə, təhsilə və iş imkanlarına məhdud çıxış əldə edirlər. Onlar özlərini çox vaxt cəmiyyətdən və qərarvermə prosesindən kənarda hiss edirlər.

Biz həll yollarını da bilirik. Siyasətlərin formalaşdırılmasına yerli icmaları daxil etməliyik. Şəhər planlaşdırılması müxtəlifliyi də əhatə etməlidir. Çünki şəhər yalnız yaşadığımız fiziki məkan deyil, həm də bizim üçün mədəni mühitdir".

R.Həsənov vurğulayıb ki, dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti təşkilatları arasında güclü tərəfdaşlıq lazımdır:

"Və ən əsası, yeni mənzil proqramlarını qəbul etməliyik. Düşünürəm ki, bu dəyirmi masalar bizə yalnız bir-birimizi dinləmək üçün deyil, real problemlərin həlli ilə bağlı qərarlar vermək, bir-birimizə kömək etmək və əməkdaşlığımızı inkişaf etdirmək üçün imkan yaradacaq.

İnanıram ki, gələcəyin şəhərləri daha müasir, daha səmərəli və bütün mədəniyyətlərə daha çox hörmət edən şəhərlər olmalıdır. Burada yerli xalqların biliyi bizə kömək edə bilər. Çünki bu bilik yalnız keçmişlə bağlı deyil. Bu, bu gün və sabah problemlərin həlli üçün dəyərli bir mənbədir. Yerli xalqlar həmişə icma ruhunda qərarlar qəbul ediblər. Onlar resurslara hörmətlə yanaşıblar. Məhz bunlar davamlı inkişaf üçün bu gün ehtiyac duyduğumuz fikirlərdir".

44 - Tezliklə