Qazaxıstan Prezidenti: Xəzərin səviyyəsinin azalması bölgənin ekologiyasına mənfi təsir göstərir
- 07 oktyabr, 2025
- 14:00

Xəzər dənizində suyun səviyyəsinin azalması bölgənin ekologiya və iqtisadiyyatına mənfi təsir göstərir.
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, suvarma sistemlərinin rəqəmsal olaraq izlənməsi, su ehtiyatlarının təhlükəsizliyinin artırılması vacibdir:
"Bu istiqamətdə ortaq proqram yarada bilərik. Xəzər dənizi getdikcə kiçilir və bu, böyük narahatlıq doğurur. Xəzər türk xalqları üçün həmişə xüsusi önəm daşıyıb. Dənizin səviyyəsindəki azalma bölgənin ekologiyası və iqtisadiyyatına mənfi təsir göstərir. Qlobal əhəmiyyət daşıyan bu məsələni mən Şanxay Əməkdaşlıq Təşkilatı sammitində və BMT Baş Assambleyasının yubiley sessiyasında qaldırmışam. Xəzərin vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət ayırmalıyıq. Türk dövlətlərini bu istiqamətdə səylərini birləşdirməyə, birgə layihələr hazırlamağa və müvafiq beynəlxalq təşəbbüsləri dəstəkləməyə çağırıram".
O bildirib ki, Qazaxıstan gələn ilin aprelində BMT-nin dəstəyi ilə "Davamlı gələcəyin ümumi baxışı" mövzusunda regional sammit keçirməyi planlaşdırır: "Ümid edirik ki, türk ölkələri forumda yüksək səviyyədə təmsil olunacaqlar".