Siyasi şərhçi: "Qarabağdakı proseslərin əsas birləşdirici nöqtəsi Ağdam-Xankəndi yoludur"

Xarici siyasət
  • 06 sentyabr, 2023
  • 12:10
Siyasi şərhçi: Qarabağdakı proseslərin əsas birləşdirici nöqtəsi Ağdam-Xankəndi yoludur

"Qarabağdakı proseslərin əsas birləşdirici nöqtəsi Ağdam-Xankəndi yoludur".

Bu fikirləri "Report"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Qarabağ ətrafında proseslər bir-birinə bağlı olan iki istiqamətdə inkişaf edir: "Bir tərəfdən Fransa-Rusiya qarşıdurmasını, digər tərəfdən, Xankəndidəki separatçılar daxilindəki qarşıdurmanı müşahidə edirik. Bütün proseslərin əsas birləşdirici nöqtəsi də Ağdam-Xankəndi yoludur. Rəsmi Bakının yüklərin Ağdam-Xankəndi marşrutu üzrə daşınmasına dair prinsipial mövqeyi dəyişmir və nəticə etibarilə buna nail olunacaq. Hərçənd, bu məsələ ətrafında baş verənlər artıq regional müstəvidən beynəlxalq müstəviyə çıxır. Fransa və Ermənistan Laçın yolunun açılması məsələsini beynəlxalq müstəvidə gündəmdə saxlamaq, Bakını təzyiqlərlə geri addım atmağa məcbur etmək istiqamətində işləyir. Sözügedən məsələnin BMT Təhlükəsizlik Şurasında yenidən gündəmə gətiriləcəyi haqda məlumatlar var, lakin fərqli ssenari üzrə hərəkət edəcəkləri də istisna deyil. Çünki Qarabağ Azərbaycanın daxili məsələsi olduğu üçün BMT-də bununla bağlı nəticə əldə edə bilmirlər. O baxımdan, sərhəddə təxribatlar törədərək, eskalasiya yarada və beynəlxalq müzakirələri “Azərbaycan Ermənistana hücum edir” kontekstində təşkil etməyə cəhd edə, Qarabağa dair iddialarını da bunun fonunda irəli sürə bilərlər".

Siyasi şərhçi əlavə edib ki, Fransanın sərhəddə Ermənistan tərəfindən təşkil edilən “yardım şousu”na qoşulması, ardınca sərhəddə təxribatların artması da bu gözləntini ön plana çıxarır: "Fransa məhz Laçın yolunun açılması üzərindən bölgəyə müdaxilə etməyə çalışır. Bu, Azərbaycanın maraqlarına uyğun olmadığı kimi, Rusiyanın da regiondakı maraqlarına ziddir. Bu baxımdan, Rusiya kənar oyunçuların bölgədə istifadə edə biləcəkləri manevr imkanlarını sıradan çıxarmaq üçün Laçın yolunun yüklər üçün açılmasına çalışır, hərçənd, anlayır ki, rəsmi Bakının tələbini – Ağdam-Xankəndi yolunun açılmasını həyata keçirmədən bu, mümkün deyil. Ağdam-Xankəndi yolu ilə Laçın yolunun paralel açılması məsələsi buna görə gündəmə gəlib. Azərbaycan bununla razıdır və burada Bakının hədəfinə çatmaq üçün həyata keçirdiyi siyasət xüsusilə diqqət çəkir".

Asif Nərimanlı

"Birincisi, Ağdam yolundan yüklərin daşınması ilə Xankəndiyə praktiki olaraq daxil ola biləcəyik və bu, erməni əhalinin yaşadığı ərazilərdə mərkəzi hakimiyyətin bərpası istiqamətində mühüm addımlardan biri olacaq. İkincisi, Bakıdan Xankəndiyə göndərilən yüklər erməni əhalisinin reinteqrasiyası prosesində əhəmiyyətli amildir. Üçüncüsü, bununla Ermənistanın və havadarlarının beynəlxalq müstəvidə apardıqları “Qarabağda humanitar fəlakət var” kampaniyası sıradan çıxarılacaq. Bütün bunlarla yanaşı, Ağdam-Xankəndi yolu Laçın yolu ilə paralel şəkildə açıldıqdan sonra yükdaşımaların tədricən Ağdam yoluna köçürülməsi imkanlarımızın olduğunu da nəzərə almalıyıq. Çünki Laçında sərhəd-keçid məntəqəmiz var və bu yoldan gələ biləcək yüklərə nəzarət edəcəyik, eyni zamanda, bu yüklər Azərbaycan qanunvericiliyi əsasında keçə biləcəklər, yəni gömrük rüsumlarının ödənməsi və s. Bu vəziyyətdə erməni əhalisinin təminatının Ağdam-Xankəndi yolu ilə həyata keçirilməsinin üstünlüyü ön plana çıxır və perspektivdə bu yol əsas marşruta çevriləcək. Lakin bu perspektivin önünü açmaq üçün hazırda Ağdam-Xankəndi yolunun işlək vəziyyətə düşməsi lazımdır. Buna görə rəsmi Bakı Ağdam-Xankəndi marşrutunun açılması qarşılığında Laçın yolundan da yüklərin buraxılması təklifini qəbul edir", - o qeyd edib.

Siyasi şərhçi, həmçinin bildirib ki, bəhs olunan məsələdə Azərbaycan və Rusiyanın maraqları uzlaşsa da, Qarabağ daxilindəki separatçılar üzərində Moskvanın öz oyununun olduğu da müşahidə edilir: "Araik Arutyunyanın “istefaya” getməsinin arxasındakı səbəblər də bundan qaynaqlana bilər. Çünki Ağdam-Xankəndi yolunun açılması rəsmi Bakı ilə erməni əhalisi arasındakı təmasları da qaçılmaz edəcək. Separatçılar erməni əhalini girov saxladığı üçün onların iradəsindən kənar şəxslərin Bakı ilə təmaslar qurması hələ ki çətin görünür. Məhz buna görə Araiki oyundan çıxararaq yeni şəxsləri “rəhbərliyə” gətirdilər və istisna deyil ki, Bakının erməni əhali ilə təmaslarında bu şəxsləri “təmsilçi” kimi təqdim etməyə çalışacaqlar. Burada məqsəd separatçıları erməni əhalinin “təmsilçisi” kimi de-fakto “tərəfə” çevirmək və reinteqrasiya prosesinin önünü kəsməkdir.

Təbii ki, danışıqlar Bakının şərtləri çərçivəsində, yəni reinteqrasiya ətrafında aparıldığı təqdirdə bunu etmək olar, amma bəllidir ki, separatçılar buna imkan verməyəcək və müxtəlif “tələblərlə” prosesin önünü kəsəcəklər. Rusiyanın Qarabağ daxilində həyata keçirdiyi siyasətin digər məqsədi isə Ermənistanın daxili siyasətini dizayn etməkdir. Paşinyan hakimiyyətinə qarşı 90-cı illərin ssenarisi təkrarlana bilər, yəni “Qarabağ kartı”ndan istifadə edərək, Ermənistanda iqtidarı ələ almaq cəhdləri ola bilər. Bunun üçün Xankəndidəki separatçıların “başına” daha keçmiş “Qarabağ klanı”na bağlı şəxslər gətirildi. Rusiya sülhməramlılarının komandanının dəyişdirilməsi də bu planlarla bağlı ola bilər, çünki Ağdam-Xankəndi yolunun açılması məsələsinə görə keçmiş komandan Lentsova qarşı ermənilərin narazılığı var idi. Mümkündür ki, Rusiya yeni komandanla bu narazılığı aradan qaldırmaq və nəticə əldə etmək istəyir".

A.Nərimanlı vurğulayıb ki, baş verənlər Qarabağ ətrafında proseslərin mürəkkəb mərhələyə qədəm qoyduğunu deməyə əsas verir: "Fikrimcə, rəsmi Bakı baş verənləri doğru oxuya bilir, atılan addımlar da bunu göstərir. Artıq həm Rusiya, həm də Fransa kimi kənar oyunçuların planlarının baş tutması ehtimalı sıfıra bərabərdir. Doğrudur, bu oyunçular öz məqsədləri üçün cəhdlər edə bilər, lakin nəticə etibarilə Ağdam-Xankəndi yolunun açılması, separatizmin ləğvi və erməni əhalinin yaşadığı ərazilərdə mərkəzi hakimiyyətin təmin edilməsi baş tutacaq. Artıq həmin proses başlayıb".

44 - Tezliklə