Prezident İlham Əliyev üç ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
- 05 dekabr, 2018
- 07:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerlin etimadnaməsini qəbul edib.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bernd Aleksandr Bayerl etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini bildirib. Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin önəminə toxunan Prezident İlham Əliyev özünün Avstriya Respublikasına, Avstriyanın Federal Prezidenti Haynts Fişerin isə Azərbaycana səfərlərini məmnunluqla xatırladıb. Siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edən dövlət başçısı iqtisadi sahədə, o cümlədən ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanda uğurla fəaliyyət göstərən Avstriya şirkətlərinin sayının artdığını vurğulayıb. Dövlət başçısı Bernd Aleksandr Bayerlin diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsun salamlarını və Avstriya hökumətinin ən xoş arzularını dövlət başçısına çatdırıb. O, Bakıda diplomatik fəaliyyətə başlamasından məmnunluq hissi keçirdiyini qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın fəal iştirakı ilə Bakıda yüksək zövqlə həyata keçirilən abadlıq və quruculuq işlərinin ona dərin təəssürat bağışladığını bildirib. Bernd Aleksander Bayerl səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini deyib.
Dövlət başçısı Avstriyanın Federal Kansleri Sebastian Kurtsun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Avstriyanın Federal Kanslerinə və Avstriya hökumətinə çatdırmağı xahiş edib.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edib.
Kim Tonq Op etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələrimiz arasında çox yaxşı əlaqələrin mövcud olduğunu və birgə səylərlə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinin və ticarət dövriyyəsinin artırılmasının zəruriliyini qeyd edib. Prezident İlham Əliyev Koreya Respublikasına dövlət səfərini məmnunluqla xatırladıb və bu səfərin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə töhfə verdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanda bir sıra Koreya şirkətlərinin sənaye, nəqliyyatın idarəedilməsi, şəhərsalma, arxitektura və digər sahələrdə uğurlu fəaliyyət göstərdiklərini bildirərək, kənd təsərrüfatı, ekologiya, təhsil, peşə ixtisasartırma kimi sahələrdə də əməkdaşlıq üçün əlverişli imkanların olduğunu deyib. Prezident İlham Əliyev Şərq-Qərb marşrutu üzrə yükdaşımalar istiqamətində Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit potensialını nəzərə alaraq, Koreya tərəfinin də bu imkanlardan istifadə edə biləcəyini qeyd edib.
Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op Koreya Respublikasının Prezidenti Mun Ce-inin salamlarını dövlət başçısına çatdırıb. O, ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edib. Səfir iki ölkə arasında dostluq əlaqələrinin və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da artırılması üçün səylərini əsirgəməyəcəyini bildirib.
Dövlət başçısı Prezident Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də həmçinin Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.
Xeyrullah Spelenay etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycanla Əfqanıstan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə dəfələrlə görüşdüyünü məmnunluqla xatırladıb. Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini bildirib, ölkələrimizin iqtisadi, humanitar və digər sahələrdə də əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycanın Əfqanıstanda sülhün və sabitliyin təmin olunması işinə töhfə verdiyini və Əfqanıstanda xidmət edən Azərbaycan hərbi qulluqçularının sayının artırıldığını qeyd edib. Əfqanıstanda sülhün və təhlükəsizliyin bütün region üçün vacib olduğunu deyən dövlət başçısı Azərbaycanın “ASAN xidmət” təcrübəsinin bu ölkədə uğurla tətbiq olunmasının önəmini qeyd edib. Prezident İlham Əliyev ölkəmizdə yaradılmış müasir nəqliyyat infrastrukturu imkanlarına toxunaraq, Əfqanıstanın da Şərq-Qərb marşrutu üzrə Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirən dəmir yolu layihələrindən faydalana biləcəyini bildirib.
Səfir Xeyrullah Spelenay Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlət başçısına çatdırıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edən səfir Azərbaycanla Əfqanıstan arasında ənənəvi dostluğun daha da inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırıb. Səfir Azərbaycanın Əfqanıstanda sülhə və təhlükəsizliyə verdiyi töhfəsinə və ikitərəfli əsasda ölkəsinə müxtəlif sahələrdə göstərdiyi dəstəyinə görə minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini qeyd edərək, ölkəmizin inkişaf təcrübəsinin Əfqanıstan üçün xüsusilə vacib olduğunu deyib. Xeyrullah Spelenay Əfqanıstanın Şərq-Qərb marşrutu üzrə Azərbaycanın nəqliyyat imkanlarından istifadə edərək, yükdaşımaların həyata keçirilməsində ölkəsinin maraqlı olduğunu vurğulayıb.
Dövlət başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstanın dövlət başçısına çatdırmağı xahiş edib.