Politoloq: "Qərb ölkələri Azərbaycana praqmatik münasibət göstərir"

Xarici siyasət
  • 07 mart, 2022
  • 13:38
Politoloq: Qərb ölkələri Azərbaycana praqmatik münasibət göstərir

“Qərb ölkələri həmişə olduğu kimi, yenə də Azərbaycana praqmatik münasibət göstərir. Buna Ukrayna ətrafındakı durum da şərait yaradır”.

Bu fikirləri “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

“Fransa ilə Azərbaycanın münasibətləri ənənəvi xarakter daşıyır. Son vaxtlar Fransa Cənubi Qafqaza xüsusi önəm verir. Müharibədən sonra Parisin regionda rolu azalmışdı. İndi həmin rolu bərpa etmək istəyir. Ona görə də Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla daha sıx münasibətlər qurmaq niyyətindədir. Azərbaycan şərqdən qərbə təbii qaz nəql edən yeganə ölkədir. Bu, Avropa üçün çox vacibdir. Çünki bir çox Avropa ölkələrində qaz qıtlığı müşahidə olunur. Odur ki, qazı qismən olsa da Azərbaycandan nəql etmək istəyirlər”, - o qeyd edib.

İ.Vəlizadənin fikrincə, digər Qərb dövlətləri Azərbaycanla səmimi münasibətlərdə maraqlıdır: “Böyük Britaniya Fransadan fərqli olaraq bizə dost ölkədir. Londonun regionla və Bakı ilə bağlı maraqları daimidir. Britaniya dəfələrlə bizə yardım göstərib, layihələrimizdə fəal iştirak edib. Bu mənada Fransada ilə Britaniya arasında müəyyən yarış gedir. Lakin Fransadakı erməni lobbisinin fəaliyyəti Böyük Britaniya ilə münasibətlərimizin daha yaxşı olmasına şərait yaradır. Eyni zamanda ABŞ-da da müəyyən qədər erməni lobbisi var. Amma onlar da proseslərə praqmatik yanaşırlar və Azərbaycanla münasibətləri normal saxlamağa çalışırlar. Nəzərə almaq lazımdır ki, ABŞ-da bizi müdafiə edən, haqq səsimizi eşidən dairələr də mövcuddur. Onlar münasibətlərimizin həmişə yüksək səviyyədə olmasına çalışır və bunu arzulayırlar”.

Qeyd edək ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson, Avstriya Prezidenti Aleksander Van der Bellen və Fransa dövlət başçısı Emmanuel Makron Azərbaycanla diplomatik əlaqələrin 30 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib. Həmin məktublarda Azərbaycanla münasibətlərin inkişafından danışan dövlət və hökumət başçıları bundan məmnunluq duyduqlarını ifadə ediblər.

44 filmi