Səməd Bəşirli: "Azərbaycan son 6 ildə 49 milyard dollar xarici investisiya cəlb edib"
- 23 oktyabr, 2026
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
2020-2025-ci illərdə Azərbaycan iqtisadiyyatına təxminən 49 milyard ABŞ dollarından çox xarici investisiya qoyulub, bunun təxminən 36 milyard ABŞ dollarını birbaşa xarici investisiyalar təşkil edib.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Qarabağ Universitetində keçirilən "Qarabağda DİM anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı" adlı yüksək səviyyəli strateji dialoq çərçivəsində çıxışı zamanı bildirib.
S. Bəşirli qeyd edib ki, bu ilin yanvar–sentyabr aylarında əsas kapitala investisiyalar 10,9 %, qeyri-neft-qaz ixracı isə 20,5 % artıb.
Onun sözlərinə görə, 2021-2025-ci illər ərzində ölkə iqtisadiyyatı real ifadədə hər il orta hesabla 3,4 % böyüyüb: "O cümlədən qeyri neft-qaz sektorunda 6 %, onun tərkib hissəsi olan qeyri-neft-qaz sənayesində isə 1,5 dəfə artım olub. Ölkənin qeyri-neft-qaz ixracı isə 2 dəfə artıb. Azərbaycanda son illər həyata keçirilən iqtisadi siyasət, makroiqtisadi sabitliyin qorunmasına, iqtisadiyyatın şaxələndirilməsinə, maliyyə dayanıqlılığının gücləndirilməsinə xidmət edib".
Bundan başqa, nazir müavini deyib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində müəyyən edilmiş hədəflər BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə uzlaşır: "Azərbaycan 2030 gündəliyinə sadiqliyini nümayiş etdirərək, indiyə qədər 4 dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna könüllü milli hesabat təqdim edib. 5-ci hesabatın 2027-ci ildə təqdim edilməsi nəzərdə tutulur".