Pit Masters şəhərlərin inkişafında açıq geoməkan məlumatlarının rolunu qeyd edib

Xarici siyasət
  • 20 may, 2026
  • 18:01
Pit Masters şəhərlərin inkişafında açıq geoməkan məlumatlarının rolunu qeyd edib

Açıq geoməkan məlumatları şəhərlərin rəqəmsal infrastrukturunun mühüm hissəsinə çevrilir və şəhər planlamasının keyfiyyətinin artırılmasına kömək edir.

"Report"un məlumatına görə, bunu "Humanitarian OpenStreetMap Team" humanitar layihəsinin nümayəndəsi Pit Masters (Pete Masters) WUF13 çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" adlı tədbirdə bildirib.

"Açıq geoməkan məlumatları vacib ictimai resursdur, çünki müxtəlif təşkilatlar tərəfindən yeni rəqəmsal həllər və xidmətlərin yaradılmasında sərbəst istifadə oluna bilər", - o deyib.

Mastersin sözlərinə görə, bu cür məlumatlara tələbin artması onların keyfiyyətinin və aktuallığının yüksəlməsinə kömək edir, çünki şəhərlər, şirkətlər və beynəlxalq təşkilatlar məlumat bazalarını mütəmadi olaraq yeniləyir və təkmilləşdirir.

Onun fikrincə, açıq məlumatlara investisiya qoyuluşu yüksək iqtisadi gəlirlilik nümayiş etdirir, çünki data sistemlərinin inkişafına yatırılan hər bir dollar məlumatın təkrar istifadəsi hesabına dəfələrlə böyük səmərə verə bilər.

"Belə məlumatların yaradılmasında yerli icmalar, vətəndaş təşəbbüsləri və universitetlər mühüm rol oynayır, onlar kommersiya həlləri ilə müqayisədə xeyli az xərclə keyfiyyətli və aktual kartoqrafik məlumat dəstləri formalaşdırır", - Masters əlavə edib.