Pakistanda 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Xarici siyasət
  • 05 noyabr, 2025
  • 22:30
Pakistanda 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Pakistanın paytaxtı İslamabadda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, Pakistan Senatının sədri Seyid Yusuf Raza Gilaninin əsas qonaq qismində təşrif buyurduğu qəbulda federal nazirlər, senatorlar, Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Səfirliyin təşkil etdiyi tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Pakistan himnləri səsləndirilib və Azərbaycanın Zəfərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən səfir Xəzər Fərhadov 5-ci ildönümü qeyd olunan Zəfər Günü haqqında iştirakçılara müfəssəl məlumat verib. Diplomat qeyd edib ki, Ermənistan tərərfindən işğal olunmuş torpaqlar 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəsur Azərbaycan ordusu tərəfindən azad edilib və Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulub.

Səfir bildirib ki, həmin tarixə qədər Azərbaycan keçmiş münaqişəni dinc yolla həll etməyə çalışsa da, Ermənistanın işğalçı siyasəti, ardı kəsilməz təxribatları və hərbi təcavüzü münaqişənin hərbi yolla həllini qaçılmaz edib.

Müharibə zamanı Ermənistanın sivil xalqı hədəf alaraq Gəncə, Bərdə və Tərtər şəhərlərinə ağır artileriya hücumları etdiyini qeyd edən Xəzər Fərhadov buna baxmayaraq, yüksək peşəkarlıq və qəhramanlıq nümayiş etdirən Azərbaycan Ordusunun torpaqlarımızı azad etdiyini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra edərək gecikmiş ədaləti bərqərar etdiyini ifadə edib. O bildirib ki, 2023-cü ilin sentyabr ayında 23 saat ərzində keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam təmin edilib və bu gün qalibiyyət rəmzi olan üçrəngli Azərbaycan bayrağı ölkənin bütün ərazisində, o cümlədən 30 il düşmən işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzurda qürurla dalğalanır.

Diplomat, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında danışaraq "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilmiş işlər barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb.

Səfir həmçinin Pakistanın müstəqilliyin ilk günlərindən etibarən Azərbaycana göstərdiyi dəstək və sarsılmaz həmrəyliyə görə dərin təşəkkürlərini izhar edərək, qardaş ölkə tərəfindən nümayiş etdirilən bu mövqenin iki ölkə arasındakı qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra Pakistanın Senatının sədri Seyid Yusuf Rza Gilaninin çıxışı dinlənilib. Seyid Yusuf Rza Gilani Azərbaycan hökuməti və xalqını Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbrik edib. O qeyd edib ki, İkinci Qarabağ Müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin reallaşması ilə nəticələnib. O əlavə edib ki, ədalətin bərpası olan həmin şanlı qələbə bir milyona yaxın azərbaycanlının öz ata yurdlarına qayıtması üçün geniş imkanlar açıb. Bununla belə, Ermənistanın işğalından azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə danışan Senat sədri həmin fəaliyyətin bölgədə sülhün və tərəqqinin simvolu olduğunu vurğulayıb. Məruzəçi həmçinin Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini daim dəstəklədiyini ifadə edərək Azərbaycan tərəfindən qazanılan Zəfərinin Pakistan ictimaiyyəti arasında bayram əhval-ruhiyyəsi ilə qarşılandığını ifadə edib.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti