Nazirlik rəsmisi: "Azərbaycan TDT-də "yaşıl maliyyə" gündəliyinin formalaşmasında fəaldır"
- 09 sentyabr, 2026
- 14:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) "yaşıl maliyyələşdirmə"nin inkişafına və ekoloji həllərin tətbiqinə yönəlmiş təşəbbüslərində fəal iştirak edir.
"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Astanada Türk Yaşıl Maliyyə Şurasının ikinci iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan TDT-nin fəal üzvlərindən biridir və ardıcıl olaraq ikinci ildir ki, Şuranın görüşlərində və təşəbbüslərində iştirak edir.
"Ötən il biz Şuranın birinci iclasında iştirak etdik. İkinci görüşdə karbon bazarlarının inkişafı, müvafiq fəaliyyətin genişləndirilməsi və təbii mexanizmlərə əsaslanan həllər üçün "yaşıl maliyyələşdirmə" alətlərinin tətbiqi diqqət mərkəzində idi", - H.Hüseynov qeyd edib.
Nazirlik rəsmisi əlavə edib ki, iştirakçılar həmçinin TDT-yə üzv dövlətlərin müasir "yaşıl maliyyə" alətlərinin tətbiqi üzrə potensialının gücləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Nazir müşaviri vurğulayıb ki, "yaşıl iqtisadiyyat"ın inkişafı və ekoloji təmiz həllərin tətbiqi Azərbaycanın əsas prioritetləri sırasına daxildir.
"Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in beşinci məqsədi ölkəmizin təmiz ətraf mühit və "yaşıl artım" dövlətinə çevrilməsini nəzərdə tutur", - o bildirib.
H.Hüseynovun sözlərinə görə, Azərbaycan bu sahədə beynəlxalq təşkilatların təşəbbüslərini ardıcıl olaraq dəstəkləyir. Türk Yaşıl Maliyyə Şurasında iştirak ölkəyə digər TDT dövlətlərinin təcrübəsini öyrənməyə, səmərəli maliyyə mexanizmlərini uyğunlaşdırmağa və birgə layihələri təşviq etməyə imkan verir.
"Biz belə platformalarda müzakirə olunan məsələləri və üzv dövlətlərdə "yaşıl maliyyə" alətlərinin tətbiqi təcrübəsini öyrənirik. Eyni zamanda Azərbaycanda uyğun mexanizmlərin tətbiqi istiqamətində iş aparılır", - müşavir əlavə edib.