Muxtar Babayev: Mina təhlükəsi qlobal humanitar problem kimi beynəlxalq gündəmə gətirilməlidir
- 09 noyabr, 2026
- 15:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Mina təhlükəsi qlobal humanitar və ekoloji problem kimi beynəlxalq gündəmə gətirilməlidir.
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O deyib ki, Azərbaycanda mina təhlükəsinin miqyasını beynəlxalq auditoriyaya çatdırmaq məqsədilə pavilyonda xüsusi filmin nümayişi nəzərdə tutulub.
"Ölkədə ərazilərin minalardan təmizlənməsi istiqamətində genişmiqyaslı proqramlar qəbul edilib, dövlət tərəfindən bu sahəyə böyük həcmdə maliyyə vəsaiti və resurslar ayrılıb. Bununla belə, mina təhlükəsi yalnız Azərbaycanın üzləşdiyi problem deyil. Dünyada 30-40 ildir bu təhdidlə mübarizə aparan, lakin hələ də problemin həllinə nail ola bilməyən ölkələr var", - M.Babayev qeyd edib.
Bu baxımdan, o, mina probleminin təkcə Azərbaycan kontekstində deyil, qlobal humanitar və ekoloji təhlükə kimi beynəlxalq gündəmdə saxlanılmasının vacibliyini vurğulayıb: "Minalar insanların həyat və təhlükəsizliyinə ciddi təhdid yaratmaqla yanaşı, sosial və ekoloji fəsadlara da səbəb olur. Mina təhlükəsinə qarşı beynəlxalq mübarizənin gücləndirilməsi və problemin dünya ictimaiyyətinin diqqətində saxlanılması xüsusi əhəmiyyət daşıyır".