Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub
- 07 may, 2026
- 15:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqç Azərbaycana səfəri çərçivəsində Milli Aviasiya Akademiyasında olub.
"Report" xəbər verir ki, Monqolustan rəsmisi ali təhsil müəssisəsi ilə tanış olub, daha sonra isə tələbələrlə görüşdə iştirak edib.
Azərbaycanın Baş prokuroru Kamran Əliyev Milli Aviasiya Akademiyasında çıxışı zamanı ölkədə prokurorluq sahəsində görülən işləri diqqətə çatdırıb. O həmçinin Azərbaycanın prokurorluq sahəsində beynəxalq əməkdaşlıqlarına da diqqət çəkib.
Monqolostanın Baş prokuroru Jarqalsayxan Banzraqç öz çıxışında Azərbaycanla əlaqələri yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da dərinləşməsinin önəmini vurğulayıb.
Baş prokurorlar çıxışlarında müasir dövrdə transmilli cinayətkarlığın sürətlə inkişaf etdiyini, kibercinayətkarlıq, çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və beynəlxalq terrorizm kimi cinayətlərin artıq ayrı-ayrı dövlətlərin sərhədləri daxilində məhdudlaşmadığını bildiriblər.
Qeyd olunub ki, bir ölkədə hazırlanan və digər ölkədə icra olunan, nəticələri isə müxtəlif dövlətlərin vətəndaşlarına təsir edən cinayətlərlə mübarizə yalnız güclü beynəlxalq hüquqi əməkdaşlıq şəraitində effektiv ola bilər.
Vurğulanıb ki, cinayətkarlığın qloballaşdığı müasir mərhələdə hüquq-mühafizə və prokurorluq orqanları arasında operativ informasiya mübadiləsi, qarşılıqlı hüquqi yardım, birgə istintaq mexanizmləri və çoxtərəfli beynəlxalq konvensiyalar çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Çıxışlarda Baş prokurorlar, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan və Monqolustan prokurorluq orqanları müxtəlif beynəlxalq platformalar çərçivəsində hüquqi əməkdaşlığın inkişafına, transmilli cinayətkarlığa qarşı birgə mübarizəyə, təcrübə və informasiya mübadiləsinə xüsusi önəm verir.
Bu xüsusda beynəlxalq təşkilatlar çərçivəsində rəhbərlik etdikləri və təmsil olunduqları qurumların fəaliyyəti, prokurorluq orqanları arasında institusional əlaqələrin gücləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi, peşəkar təlim proqramlarının təşkili və hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinin qlobal hüquqi təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Sonda tələbələrin sualları cavablandırılıb.