Misir AQEM-in Asiyada dialoq platforması kimi rolunun inkişaf etdirilməsinə çağırıb
- 15 oktyabr, 2026
- 15:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Misir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Asiya dövlətləri arasında dialoq və məsləhətləşmələr üçün inklüziv platforma kimi rolunu inkişaf etdirəcəyinə ümid edir.
"Report" xəbər verir ki, bunu Misirin xarici işlər nazirinin müavini Məhəmməd Əbu Bəkr Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında deyib.
"Sabitliyin möhkəmləndirilməsi yalnız siyasi sahə və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır, həm də iqtisadi əməkdaşlığın və inkişaf sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur ki, bu da dayanıqlı sabitliyin təmin edilməsinin əsas amillərindən biridir", - o qeyd edib.
Onun sözlərinə görə, Asiya və Afrika arasında tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verən Misir iki qitə arasındakı tarixi əlaqələrə, habelə iqtisadi və investisiya inteqrasiyası üçün əhəmiyyətli potensiala əsaslanır.
Məhəmməd Əbu Bəkr həmçinin AQEM-in institusional inkişafına dəstək verilməsi, onun səmərəliliyini artırılması, prinsip və məqsədlərinin praktiki olaraq həyata keçirilməsi məqsədilə Misirin müşavirənin iştirakçısı olan bütün dövlətlərlə əməkdaşlığa sadiqliyini təsdiqləyib.
O vurğulayıb ki, bu səylər etimadın möhkəmləndirilməsinə, gərginliyin qarşısının alınmasına, eləcə də dialoq və əməkdaşlıq mədəniyyətinin formalaşmasına töhfə verəcək.