“Minsk qrupunun mövcudluğuna bir neçə mərhələdə son qoyulub” - RƏY

Xarici siyasət
  • 05 sentyabr, 2022
  • 13:38
“Minsk qrupunun mövcudluğuna bir neçə mərhələdə son qoyulub” - RƏY

“Minsk qrupunun mövcudluğuna artıq birmənalı şəkildə son qoyulduğu görünür”.

Bunu “Report”a açıqlamasında siyasi təhlilçi Orxan Amaşov deyib.

Onun sözlərinə görə, bu, bir neçə mərhələdə baş verib. İlk olaraq 2019-cu ildə Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyəndə Minsk qrupunun şərtlərini heçə sayıb:

“Daha sonra 44 günlük müharibənin nəticəsində Minsk qrupu tamamilə qeyri-adekvat bir quruma çevrildi. Fikrimcə, təşkilat koma vəziyyətindədir. Çünki onun mandatı Qarabağın statusu ilə bağlı məsələləri həll etmək idi, amma bu məsələ hazırda gündəmdə deyil. Minsk qrupunu reanimasiya etmək cəhdləri fonunda ABŞ təşkilata həmsədr təyin etdi. Lakin ümumilikdə danışıqlar prosesi elə bir formata keçib ki, burada Minsk qrupunun həll edə biləcəyi məsələ yoxdur. Hazırda danışıqlar istər Brüssel, istərsə də Moskva formatında dövlətlərarası münasibətlər çərçivəsində tənzimlənir və Azərbaycanın beş prinsipi əsas götürülür. Burada da Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və eyni zamanda qarşılıqlı öhdəliklərin götürülməsi prosesləri həyata keçirilir. Belə olan halda Minsk qrupu ya ATƏT-in özü, ya da tərəflərin kəskin tələbi nəticəsində ləğv edilə bilər”.

Orxan Amaşov

Siyasi təhlilçi vurğulayıb ki, bu kimi beynəlxalq institutların birtərəfli qaydada ləğvinə ehtiyac yoxdur:

“Məsələn, Millətlər Liqası ən son iclasını İkinci Dünya müharibəsindən sonra keçirib. Lakin müharibədən xeyli əvvəl təşkilat artıq fəaliyyət göstərmirdi. Minsk qrupuna da bu prinsipi tətbiq etmək olar. Çünki bu təşkilatın reanimasiyası üçün heç bir real imkan yoxdur. İndiki danışıqlara nəzər yetirsək görərik ki, Ermənistan tərəfi də status məsələsindən geri çəkilib. Paşinyan özü də bu ilin aprel ayında parlamentdəki çıxışı zamanı dedi ki, biz statusa köklənməli deyilik, oradakı erməni əhalinin təhlükəsizliyinə və hüquqlarının təmin olunmasına diqqəti yönəltməliyik. Müşahidələrim onu deməyə əsas verir ki, Qarabağda yaşayan ermənilərin taleyi ilə bağlı məsələ danışıqlar prosesində arxa plana keçir”.

O.Amaşov qeyd edib ki, Brüssel danışıqlarının nəticəsi olaraq bizim üçün əsas göstəricisi ondan ibarətdir ki, sülh müqaviləsi ilə bağlı ilkin sənədin hazırlanması üçün XİN başçılarına göstəriş verilib:

“Əlimizdə olan məlumatlara görə, Ermənistan tərəfi sülh müqaviləsi ilə əlaqədar dəqiq müddəanın razılaşmaya salınmasına etiraz edib və Azərbaycan tərəfinin təzyiqləri nəticəsində bu, baş verib. Bu baxımdan sentyabr ayına çox böyük ümidlərlə baxıram. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasi xətdə iki element müşahidə olunur. Birincisi, sülh müqaviləsini mümkün qədər tezləşdirmək, ikincisi rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdən çıxmayan erməni separatçılarına qarşı ciddi addımların həyata keçirilməsidir. Fikrimcə, hazırkı şəraitdə Paşinyan hökuməti kompromislərə gedəcək”.