Merts: Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Almaniya üçün maraq kəsb edir

Xarici siyasət
  • 21 iyul, 2026
  • 16:19
Merts: Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Almaniya üçün maraq kəsb edir

Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Almaniya üçün maraq kəsb edir.

"Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.

"Biz yaxın illərdə, xüsusən də enerjiyə qənaət sahəsində əməkdaşlığı fəallaşdırmağa çalışmaq istəyirik. Almaniya tərəfi olaraq biz idxalın, o cümlədən qaz idxalının şaxələndirilməsində son dərəcə maraqlıyıq. Azərbaycan regionda enerji artıqlığına malik olan, yəni özünün istehlak etdiyindən daha çox istehsal edən ölkələrdən biridir. Buna görə də söhbət Almaniyanın enerji təchizatının təmin edilməsindən getdikdə, Azərbaycan tərəfdaş kimi bizim üçün maraq kəsb edir", - o bildirib.

F.Merts əlavə edib ki, dörd il yarım əvvəl Rusiyadan qaz tədarükünü dayandırdıqdan sonra Almaniya, təbii ki, yeni tədarük mənbələri axtarmağa başlayıb: "Və burada Azərbaycan mühüm rol oynayır. Bu, bizim üçün maraqlı iqtisadi perspektivlər yaradır. Biz həmçinin digər tədarük mənbələrini də axtarıb tapmışıq. Buna görə də bu gün bu məsələni, eləcə də Azərbaycandan qaz tədarükü həcmlərinin daha da artırılmasına dair perspektivləri müzakirə etmək imkanına görə mən Prezident İlham Əliyevə bir daha minnətdaram. Bu, həm də bizim birgə razılaşmamızın predmetidir və Azərbaycanla aparacağımız gələcək danışıqların gedişatında müzakirə olunacaq".