Mer: Maliyyələşmə bu gün Afrika şəhərlərinin ən yaralı yeridir
- 22 may, 2026
- 11:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Maliyyələşmə bu gün Afrika şəhərlərinin ən yaralı yeridir.
"Report" xəbər verir ki, bunu Zimbabvenin Harare şəhərinin meri Ceykob Mafume Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Afrika üzrə İqtisadi Komissiyasının "Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir" mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, şəhərlərin gəlirli layihələr hazırlamaq imkanları məhduddur:
"Bunun əsas səbəblərindən biri Afrika şəhərləri üçün mövcud olan maliyyə mexanizmləri və metodları ilə bağlıdır. Əvvəllər şəhərlər bələdiyyə istiqrazları və pensiya fondları vasitəsilə özlərini maliyyələşdirə bilirdilər. Lakin inkişaf etmiş ölkələrə beyin axını səbəbindən infrastruktur və bələdiyyə istiqrazları sahəsində təcrübəli mütəxəssislərimizi itirdik".
Mer deyib ki, şəhərlər öz ərazilərindəki torpaqların böyük hissəsinə nəzarət etsələr də, bu torpaqları rəsmi təminat alətinə çevirə bilmirlər:
"Şəhərlərin torpaq bankı və ya torpaq mülkiyyəti sistemi qura bilməmələri səbəbindən miras qalan binalar və ərazilər sadəcə "bizim mülkümüzdür" deyərək saxlanılır, lakin onlara əlavə dəyər qazandırılmır.
İnvestorların gəlirlərinin təmin edilməsi, yəni ödənişlərin yığılması prosesində siyasi müdaxilələr, səmərəsiz yığım mexanizmləri və seçki ərəfəsində borcların silinməsi kimi hallar investorları bələdiyyələrlə tərəfdaşlıqdan çəkindirir".