Melvine Vajiri: WUF13 şəhərlərin gələcəyi üçün mühüm platformadır
- 18 may, 2026
- 10:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) şəhərlərin gələcəyi üçün mühüm platformadır.
Bunu Bakıda keçirilən WUF13 çərçivəsində "Report"a açıqlamasında Afrikada fəaliyyət göstərən "People Empowering People" qeyri-kommersiya təşkilatının baş icraçı direktoru Melvine Vajiri deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi səbəbindən bir çox şəhərlər yaşamaq üçün əlverişsiz hala gəlir və bu səbəbdən müasir dövrün çağırışlarına uyğun yeni şəhərsalma planlarına ehtiyac yaranır:
"Bu forum innovativ şəhərsalma yanaşmalarının nümayiş olunduğu vacib bir məkandır. Şəhərlər planlaşdırılarkən təbii fəlakətlər, iqlim dəyişiklikləri və digər qlobal problemlər nəzərə alınmalıdır. Məqsəd insanların təhlükəsiz yaşayışını təmin etmək, əlçatan və münasib mənzil imkanları yaratmaq, eləcə də hər kəs üçün rahat yaşayış şəraiti formalaşdırmaqdır".
QHT nümayəndəsi WUF13-ün Bakıda keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, forum yüksək səviyyədə təşkil olunub və burada müxtəlif korporasiyalar, şəhərsalma üzrə ixtisaslaşmış şirkətlər öz innovativ layihələrini nümayiş etdirirlər.
"Bu təşəbbüs alqışlanmalıdır və Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi sevindiricidir", – deyə o əlavə edib.